Sionist Rejim Livanın cənubunu qana boyadı: 11 ölü

3 Dəq Oxuma Müddəti

Livanın cənubuna ağır zərbələr

Livan Səhiyyə Nazirliyi şənbə günü səhər saatlarından etibarən ölkənin cənubunda müxtəlif yaşayış məntəqələrinə endirilən işğalçı İsrail zərbələri nəticəsində şəhid sayının 11-ə, yaralananların isə 19-a çatdığını açıqlayıb.

Nazirliyin məlumatına görə, şəhid və yaralananlar arasında uşaqlar və qadınlar da var.

Nəbatiyyə bölgəsinin Deyr əz-Zəhrani qəsəbəsinə hücum nəticəsində dörd nəfər şəhid olub, 17 nəfər yaralanıb. Yaralılar arasında bir uşaq və 11 qadının olduğu bildirilib.

Ənsarda üç uşaq və iki qadın öldü

Bundan əvvəl Nəbatiyyə bölgəsində yerləşən Ənsar qəsəbəsinə endirilən sionist rejim zərbəsi nəticəsində yeddi nəfər şəhid açıqlanmışdı.

Həlak olanlar arasında üç uşaq və iki qadının olduğu, daha iki nəfərin isə yaralandığı bildirilib.

Sionist rejim qüvvələrinin Əli ət-Tahir bölgəsini də mərmi atəşinə tutduğu, həmçinin Nəbatiyyə əl-Fövqa qəsəbəsindəki müəllimlər evinin və Hüseyniyyə klubunun ətrafına iki hava zərbəsi endirdiyi qeyd olunur.

Hizbullah sionist rejimə xəbərdarlıq etdi

Hücumların ardından Hizbullah baş verənləri mülki əhaliyə qarşı ciddi eskalasiya kimi qiymətləndirib.

Təşkilat sionist rejimin Livanda yeni vəziyyət yaratmaq cəhdlərinin və davamlı hücumlarının cavabsız qalmayacağını bildirib. Açıqlamada Livanın ərazisinin, xalqının, suverenliyinin və milli ləyaqətinin müdafiə ediləcəyi vurğulanıb.

Livan parlamentinin sədri Nəbih Bərri də hücumları kəskin pisləyərək sionist rejimin razılaşmalara, beynəlxalq qaydalara və bölgədə müharibənin dayandırılması istiqamətində göstərilən səylərə əhəmiyyət vermədiyini bildirib.

Bərri Ənsar və Deyr əz-Zəhranidə baş verənləri sionist rejimin insanlara, yaşayış məntəqələrinə və Livanın cənubundakı həyat infrastrukturuna qarşı davam edən hücumlarının tərkib hissəsi adlandırıb.

Livan rəhbərliyindən sərt reaksiyalar

Baş nazir Nəvvaf Salam sionist rejimin son hücumlarının son dərəcə təhlükəli olduğunu və Livanın cənubunda sabitliyin möhkəmləndirilməsi istiqamətində aparılan səyləri sarsıtdığını bildirib.

Prezident Jozef Aun isə hücumların davam edən danışıqlar prosesinə və razılaşmanın həyata keçirilməsi istiqamətində ABŞ-nin göstərdiyi səylərə açıq mesaj olduğunu söyləyib.

Beyrut Alimlər Heyəti də mülki şəxslərin öldürülməsini pisləyərək Livan hakimiyyətini sionist rejim ilə aparılan danışıqlara münasibətini yenidən nəzərdən keçirməyə çağırıb.

İran və Yəməndən də etiraz gəldi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi hücumları pisləyərək sionist rejimin Livanın cənubundakı hərbi fəaliyyətinin dayandırılmasını və sionist rejim qüvvələrinin Livanın işğal altında olan ərazilərindən dərhal çıxmasını tələb edib.

Bəqayi BMT Təhlükəsizlik Şurasını da baş verənlər qarşısında fəaliyyətsizlikdə ittiham edib.

Sənadakı Xarici İşlər Nazirliyi və Yəməndəki Ənsarullah hərəkatı da Livanın cənubuna hücumları pisləyərək Livan və Fələstin xalqları ilə həmrəylik ifadə edib.

2026-cı ildən bəri 242 uşaq şəhid olub

Məlumata görə, şənbə günü baş verən hücumlardan sonra 2 mart 2026-cı ildən etibarən Livanda sionist rejimin hücumları nəticəsində şəhid uşaqların sayı 242-yə çatıb.

Sionist rejimin Livanın cənubunda hava zərbələri və pilotsuz uçuş aparatları ilə hücumlarla yanaşı, evlərin dağıdılması, qəbiristanlıqların zədələnməsi və meşəlik ərazilərin yandırılması kimi əməliyyatları davam etdirdiyi bildirilir.

Son hücumlar mövcud razılaşmalar və birbaşa danışıqlar fonunda Livanın cənubunda təhlükəsizlik vəziyyətinin yenidən kəskinləşməsi ilə bağlı narahatlığı artırıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş