Saxta İran “Nüvə Etirafı” Netanyahu və Vaşinqtonu Biabır Etdi

5 Dəq Oxuma Müddəti

Anonim hesabdan başlayan nüvə iddiası

ABŞ-ın “Nyu-York Tayms” qəzetinin araşdırması İranın nüvə proqramı ilə bağlı saxta məlumatın Hindistandakı anonim sosial şəbəkə hesabından başlayaraq İsrail və ABŞ-ın siyasi dairələrinə qədər necə çatdığını üzə çıxarıb.

Araşdırmaya görə, avqustun 5-də Hindistandan idarə olunan anonim hesab İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərindən Əhməd Vəhidiyə aid olduğu iddia edilən açıqlama yayıb.

Saxta sitatda Vəhidinin guya İsrail və ABŞ nüvə silahına malik olduğu müddətdə İranın da nüvə ambisiyalarından imtina etməyəcəyini söylədiyi göstərilib.

Lakin qəzetin araşdırması Vəhidinin belə bir açıqlama vermədiyini və həmin sözləri təsdiqləyən etibarlı mənbənin olmadığını müəyyənləşdirib.

Süni intellektlə hazırlanmış şəkil də paylaşılmışdı

Saxta məlumatın məlum olan ilk mənbəsinin təxminən 175 min izləyicisi olan Hindistan hesabı olduğu bildirilib. Həmin hesab daha əvvəl də yalan məlumat yaymaqda tənqid olunub.

Paylaşımda Vəhidinin süni intellekt vasitəsilə hazırlanmış təsvirindən istifadə edildiyi, şəkildə isə nəzərəçarpacaq dil səhvlərinin olduğu müəyyənləşdirilib.

Təxminən iki saat sonra başqa bir Hindistan hesabı həmin saxta sitatı hind dilinə çevirərək yenidən yayıb. Araşdırmaya görə, həmin hesab bir həftə əvvəl də Vəhidinin adından başqa saxta açıqlama paylaşmışdı.

Saxta məlumat İsrail mediasında “etiraf”a çevrildi

İddianın beynəlxalq səviyyədə sürətlə yayılması İsrailə bağlı məşhur hesabın onu paylaşmasından sonra başlayıb.

Bundan sonra İsrailin “14-cü kanal”ı saxta sitatı İranın nüvə silahı əldə etmək niyyətini açıq şəkildə göstərən ilk etiraf kimi təqdim edib.

Beləliklə, mənşəyi anonim sosial şəbəkə hesabına gedib çıxan və heç bir rəsmi mənbə tərəfindən təsdiqlənməyən məlumat qısa müddətdə televiziya xəbərinə çevrilib.

Netanyahu da saxta sitatdan istifadə etdi

Məlumatın yayılmasından üç saat keçməmiş İsrailin Baş naziri Benyamin Netanyahu çıxışında həmin sitata istinad edib.

Netanyahu İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Vəhidinin İranın nüvə silahı hazırlamağa davam etmək niyyətini guya açıq şəkildə bəyan etdiyini söyləyib.

“Nyu-York Tayms” isə araşdırmasında belə bir açıqlamanın mövcudluğunu təsdiqləyən dəlil tapılmadığını bildirib.

Netanyahunun ofisi saxta sitatın Baş nazirin çıxışına necə daxil edildiyini açıqlamayıb və yalnız İranın nüvə proqramı ilə bağlı əvvəlki xəbərdarlıqlarını müdafiə edib.

Saxta məlumat Vaşinqtona da çatdı

Təsdiqlənməmiş iddia bununla da məhdudlaşmayıb. ABŞ-ın BMT-dəki səfiri Mayk Uolts və respublikaçı senator Rik Skott da həmin məlumatı yayıblar.

ABŞ-ın “Foks Nyus” televiziya kanalı isə müsahibələrindən birində sitatı İranın niyyətlərinin sübutu kimi təqdim edib.

Kanal daha sonra məlumatın sənədləşdirilmədiyini və düzgün olmadığını açıqlayaraq bununla bağlı bəzi paylaşımlarını silib.

Lakin senator Rik Skottun paylaşımı və ilkin saxta məlumatlar internetdə qalmaqda davam edib. On minlərlə istifadəçinin isə həmin sitatla həqiqi məlumat kimi qarşılıqlı əlaqəyə girdiyi bildirilir.

“Sözbəsöz deməsə də, belə düşündüyünə inanıram”

Saxta məlumatın yayılmasında diqqətçəkən məqamlardan biri onu geniş auditoriyaya çatdıran israilli iş adamı Gedalya Blumun açıqlaması olub.

Blum sonradan sitatın radio müsahibəsindən götürüldüyünü düşündüyünü, lakin onun ilkin mənbəsini müəyyənləşdirə bilmədiyini bildirib.

O, Vəhidinin həmin sözləri dəqiq şəkildə söyləmədiyi halda belə, İranın nüvə silahı əldə etmək niyyətində olduğuna inandığı üçün paylaşımı etdiyini bildirib.

Bu açıqlama təsdiqlənmiş faktla şəxsi qənaət arasındakı sərhədin necə aradan qalxdığını və nəticədə əsassız məlumatın siyasi bəyanat səviyyəsinə qədər yüksəldiyini göstərib.

Tehran: İrana qarşı yalan axınının nümunəsidir

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi saxta paylaşımı İslam Respublikasına qarşı yönəlmiş yalan məlumat axınının nümunəsi adlandırıb.

Bəqayi İranın nüvə bombası əldə etməyə çalışması barədə iddiaların uzun illərdir hərbi təzyiq və hücumlara əsas yaratmaq məqsədilə istifadə edildiyini bildirib.

“Nyu-York Tayms”ın araşdırması isə daha geniş bir problemi ortaya çıxarıb: anonim hesabdan yayılan, sübutu və ilkin mənbəyi olmayan bir iddia cəmi bir neçə saat ərzində media tərəfindən xəbərə, daha sonra isə yüksək səviyyəli siyasətçilərin istifadə etdiyi siyasi arqumentə çevrilə bilir.

Saxta sitat qaldı, təkzib isə geridə qaldı

Hadisənin ən diqqətçəkən tərəflərindən biri yanlış məlumatın ifşa edilməsindən sonra belə internetdən tam silinməməsidir.

İlkin paylaşımlar, onların surətləri və siyasətçilərin bəzi açıqlamaları dövriyyədə qalaraq minlərlə insan üçün İranın nüvə proqramına dair “sübut” təsiri yaratmağa davam edir.

Beləliklə, Hindistandakı anonim hesabda başlayan saxta nüvə sitatı İsrail mediasından keçərək Netanyahunun çıxışına, oradan isə ABŞ siyasi və media dairələrinə qədər çatıb. Hadisə yoxlanılmamış məlumatın beynəlxalq siyasətdə nə qədər sürətlə “fakt” görüntüsü qazana bildiyini göstərən nümunəyə çevrilib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş