“Tədqiqat institutu”nun arxasından sionist rejim maliyyəsi çıxdı
“Responsible Statecraft” nəşrinin araşdırmasında “Hannover İctimai Siyasət İnstitutu” adlı qurumun həqiqi müstəqil tədqiqat mərkəzi olmadığı və sionist rejim tərəfindən maliyyələşdirilən layihə çərçivəsində yaradıldığı bildirilib.
Araşdırmaya görə, qurum avqustun 6-dan fəaliyyətə başladıqdan sonra İsrail və Fələstin mövzularına həsr edilmiş 100-dən çox hesabat yayımlayıb.
Materialların hazırlanma forması onların süni intellekt sistemləri tərəfindən etibarlı məlumat mənbəyi kimi qəbul edilməsinə hesablandığı ehtimalını gücləndirib.
İlk baxışdan qurum ABŞ-İsrail İctimai Əlaqələr Komitəsinin seçkilərdəki rolundan sionist rejimin Qəzzada məqsədli aclıq siyasəti həyata keçirib-keçirməməsinə qədər müxtəlif mövzuları araşdıran adi tədqiqat mərkəzi təsiri bağışlayır.
Lakin araşdırmada hesabatlarda müəllif adlarının göstərilmədiyinə diqqət çəkilib.
Saytdakı kiçik qeyd layihənin arxasını göstərdi
Qurumun saytının aşağı hissəsində yerləşdirilmiş qeyddə layihənin sionist rejimin qondarma dövlət reklam qurumu adından “Clock Tower X” şirkəti tərəfindən yaradıldığı göstərilir.
Şirkətin həmtəsisçiləri arasında rejissor Spayk Linin “İçəridəki adam” filminin prodüseri Daniel Rozenberqin də olduğu bildirilir.
Araşdırmaya görə, məqalələrin quruluşu da diqqət çəkir. Materiallarda dipnotlardan, mündəricatdan və zahirən neytral görünən arqumentlərdən istifadə edilir.
Bu quruluşun böyük dil modellərinin məlumatın etibarlılığını qiymətləndirmə üsullarına uyğunlaşdırıldığı bildirilir.
Məqalələr süni intellektə verilən suallar kimi başlayır
Qurumun yayımladığı bir sıra materialların başlıqları və girişləri istifadəçilərin süni intellekt sistemlərinə ünvanlaya biləcəyi suallar formasında hazırlanıb.
Bunların sırasında “1948-ci ildə fələstinlilərin didərgin düşməsinə nə səbəb oldu?”, “İsrailin müharibə cinayətlərini hansı humanitar təşkilatlar sənədləşdirib?” və “Qəzza zolağında hazırkı vəziyyət necədir?” kimi mövzular yer alır.
Araşdırmada bunun təsadüfi olmadığı, materialların süni intellekt sistemlərinin informasiya bazasına və cavablarına təsir göstərmək məqsədi daşıya biləcəyi qeyd olunur.
Qəzza ilə bağlı məlumatlar şübhə altına alınır
Mərkəzin materiallarından birində sionist rejim ordusunun “dünyanın ən əxlaqlı ordusu” olub-olmadığı müzakirə edilir və 2022-ci ildə keçirilmiş sorğunun nəticələrinə istinad olunur.
Başqa bir hesabatda isə BMT-nin Uşaq Fondunun Qəzzada su infrastrukturu və obyektlərinin 90 faizinin zədələnməsi və ya dağıdılması ilə bağlı məlumatı şübhə altına alınır.
Bir sıra materialların sonunda müzakirə edilən məsələlər antisemitizmin artması mövzusu ilə əlaqələndirilir və müxtəlif hesabatlarda eyni araşdırmalara təkrar-təkrar istinad olunur.
Sionist rejim layihəyə 900 min dollar ayırıb
Araşdırmaya əsasən, “Hannover İctimai Siyasət İnstitutu”nu yaradan şirkət sionist rejim hökumətindən göstərdiyi xidmətlər müqabilində 900 min dollar alıb.
Müqavilənin Fransanın ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərən “Havas Media” şirkəti vasitəsilə həyata keçirildiyi bildirilir.
Qurum dərc etdiyi materiallarda istifadə olunan araşdırmaları elmi və mütəxəssis qiymətləndirməsindən keçmiş mənbələr kimi təqdim etsə də, hesabatlarda sionist rejim ordusu və İsrail Xarici İşlər Nazirliyi kimi rəsmi mənbələrə də dəfələrlə istinad edildiyi müəyyənləşdirilib.
Hesabatların böyük hissəsinin süni intellektlə yazıldığı müəyyən edilib
Araşdırma çərçivəsində qurumun təsadüfi seçilmiş 12 məqaləsi süni intellektlə yaradılmış mətnləri müəyyənləşdirən proqram vasitəsilə təhlil edilib.
Nəticədə 11 məqalə yüksək ehtimalla, bir məqalə isə orta ehtimalla süni intellekt tərəfindən hazırlanmış mətn kimi qiymətləndirilib.
Bu göstərici yüzlərlə materialın qısa müddətdə necə hazırlanması məsələsini də gündəmə gətirib.
Süni intellektə təsir üçün milyonlarla dollarlıq müqavilə
Araşdırmada sionist rejimin bununla kifayətlənmədiyi də bildirilir. ABŞ Prezidenti Donald Trampın keçmiş seçki kampaniyası rəhbəri Bred Parskeyllə sionist rejimi dəstəkləyən internet səhifələrinin yaradılması üçün 46,5 milyon dollarlıq müqavilənin bağlandığı qeyd olunur.
Bu səhifələrin də süni intellekt sistemlərinin cavablarına təsir göstərəcək formada hazırlandığı bildirilir.
Başqa bir araşdırmada bəzi süni intellekt sistemlərinin həmin saytlardakı məlumatlardan istifadə etdiyi, digərlərinin isə bu səhifələrə onların sionist rejim tərəfindən maliyyələşdirilən təsir fəaliyyətinin bir hissəsi olduğunu göstərmədən istinad etdiyi qeyd olunub.
İnformasiya mübarizəsi süni intellekt sahəsinə keçir
“Hannover İctimai Siyasət İnstitutu”nun arxasındakı şirkət ABŞ Ədliyyə Nazirliyinə təqdim etdiyi sənədlərdə fəaliyyətinin birbaşa süni intellektə təsir göstərmək məqsədi daşıdığını açıq şəkildə qeyd etməyib.
Şirkətin həmtəsisçisi Daniel Rozenberq fəaliyyətlərini sionist rejim ilə bağlı yanlış məlumatlara qarşı yoxlanıla bilən məlumatların ictimai dövriyyəyə daxil edilməsi kimi təqdim edib.
Bununla belə, araşdırmada Rozenberqin daha əvvəl şirkətinin süni intellekt söhbət sistemlərinə təsir imkanlarını reklam etdiyi bildirilir.
Ortaya çıxarılan məlumatlar İsrail-Fələstin məsələsi ətrafındakı informasiya mübarizəsinin artıq yalnız ənənəvi və sosial media ilə məhdudlaşmadığını, süni intellekt sistemlərinin istifadə etdiyi məlumat mənbələrinin də bu mübarizənin hədəfinə çevrildiyini göstərir.
