Kiryat Şmonada dərin narazılıq: işğalçı sakin hökuməti hədəf aldı
Sionist rejimin işğal etdiyi torpaqların şimalında yerləşən Kiryat Şmona şəhərindən bir işğalçı qadın sakin, idarə etdiyi emalatxananın cərimələnməsi fonunda həm mer Afiğay Şterni, həm də cinayətkar Baş nazir Benyamin Netanyahuya sərt tənqid yönəldib. “Maariv” qəzetinin yazdığına görə, qadının iki övladının işlətdiyi emalatxanaya kəsilən cərimə onun səbr kasasını daşırıb.
Qadın “Facebook”da paylaşdığı videoda şəhər əhalisinin, xüsusilə də İsrailin Livana qarşı keçirdiyi müharibənin bitməsindən təxminən bir il sonra yaşadığı “dözümsüz vəziyyəti” təsvir edib. Onun sözlərinə görə, Hizbullahın cavab hücumları ilə qarşılaşan şəhər artıq iqtisadi və sosial baxımdan çökmüş vəziyyətdədir.
“İnsanların ürəyini qırıb bir də cərimə yazırsınız”
O, merə səslənərək bildirib: “Qəssam bizə bu qədər yaxın olarkən əməkdaşların göndərib cərimə yazdırırsınız. Bu cərimələri kimə yazırsınız? Qəlbi və bədəni yorulmuş insanlara? Nədən ötrü lövhə vergisi istəyirsiniz? Onsuz da heç kim o lövhələrə baxmır”.
Qadın əlavə edib ki, “doqquz aydır buradayıq, bizneslər dağılır, heç kimin bizə baxdığı yoxdur. Oğullarımın emalatxanası çiçəklənirdi, indi bağlanıb. Şəhər yas içindədir”.
“Bizi plana əsasən deyil, başıpozuq şəkildə evlərə qaytardınız”
Şikayətçi qadın atəşkəsdən sonra sakinlərin şəhərə qaytarılmasını da tənqid edib: “Heç bir plan olmadan bizi geri göndərdiniz, amma əmlak vergisi və lövhə vergisi tələb etməyə gələndə çox intizamlısınız. Burada Magen David Adom üçün fövqəladə yardım məntəqəsi var, iki təcili yardım maşını ilə…”
Daha sonra o, ağır ittihamla çıxış edib: “Bizi 1950-ci illərə qaytarmısınız. Atamın ‘çörək və iş’ deyə qışqırdığı günləri xatırlayıram. Bu gün eyni şeyi mən söyləmək məcburiyyətindəyəm. Baş nazir və maliyyə naziri utanmalıdır”.
Knessetə və Netanyahuya sərt mesaj
Qadın 120 nəfərlik Knesseti də hədəfə alaraq deyib: “Biz sizin qarşınıza çıxmağa layiq deyilik? Sərhəddə nəsə olsa, şəkil çəkdirməyə gəlirsiniz. Biz nəyiq, qəfəsdə heyvanıq? İl sonuna qədər burada heç nə qalmayacaq. Sadəcə sərhəd xətti yazılmış bir şəhər…”
Netanyahuya səslənən qadın deyib: “Sənin bağışlamağın mənə lazım deyil. Mənə övladlarımın və nəvələrimin dolanışığı lazımdır. Bizə ədalətli davranmırsınız, səhlənkarlıq edirsiniz. Eşidin: ‘Çörək və iş, indi’. Mer, bil ki, əmlak vergisi ödəməyəcəyəm. Mağaza hesabını kim dondurarsa, on il də olsa, evinin qarşısında oturub etiraz edəcəyəm”.
