“Gəlib gördüm ki, evimi vurub dağıdırlar”
Paytaxt sakini Bəhruz Alışov Binəqədi rayonunun Görədil bağ massivində yerləşən fərdi yaşayış evinin qanunsuz və əvvəlcədən xəbərdarlıq edilmədən söküldüyünü bildirib.
Şikayətçi hadisə baş verən zaman Bakıda olmadığını, taktiki təlimdə iştirak etdiyini deyib. Onun sözlərinə görə, geri qayıtdıqdan sonra evinin söküldüyünü görüb.
“Mənim mülkümü qanunsuz olaraq, məhkəmə qərarı olmadan söküblər. Həmin vaxt Bakıda deyildim, taktiki təlimdəydim, gəlib gördüm ki, evimi vurub dağıdırlar”, – Bəhruz Alışov bildirib.
O, baş verənlərə görə Binəqədi Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsini məsul hesab etdiyini bildirib.
Torpaq sahəsinin çıxarışı olduğunu deyir
Bəhruz Alışovun sözlərinə görə, ona aid torpaq sahəsinin rəsmi çıxarışı mövcuddur. O bildirib ki, müvafiq sənədlərini “Bir pəncərə” sistemi vasitəsilə təqdim etsə də, müraciətinə müsbət cavab verilməyib.
Şikayətçinin bildirdiyinə görə, imtinanın səbəbi kimi həmin ərazinin Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planda ictimai-işgüzar məqsədlər üçün nəzərdə tutulması göstərilib.
Alışov isə torpaq sahəsinə dair çıxarışın Baş Planla bağlı qərardan sonra verildiyini əsas gətirərək məsələnin araşdırılması üçün aidiyyəti qurumlara müraciət etdiyini söyləyib.
Mülkiyyət hüququnun pozulduğunu bildirir
Şikayətçi mülkiyyət toxunulmazlığı hüququna istinad edərək heç bir qurumun məhkəmə qərarı olmadan onun mülkünə müdaxilə edə bilməyəcəyini bildirib.
Bəhruz Alışov hüquqlarını müdafiə etmək üçün məhkəməyə də müraciət etdiyini və proseslərdən birində qalib gəldiyini vurğulayıb.
Onun sözlərinə görə, rəsmi qurumlar söküntü prosesində iştirak etmədiklərini bildirsələr də, ərazidə istifadə edilən texnikanın, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının və söküntünü həyata keçirən şəxslərin görüntüləri mövcuddur.
Dövlət Komitəsi məsələyə münasibət bildirib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, sözügedən ünvanda fərdi yaşayış evinin layihələndirilməsi və tikintisi məsələsinə baxılıb.
Qurumun açıqlamasına əsasən, Bəhruz Alışova Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 və 80.3-cü maddələrinin tələbləri izah edilib. Eyni zamanda, həmin ərazinin Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planda ictimai-işgüzar zona kimi müəyyənləşdirildiyi diqqətə çatdırılıb.
Komitə vətəndaşa layihə və torpaq sahəsinə dair sənədlərlə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etməsinin bildirildiyini açıqlayıb.
Binəqədi İcra Hakimiyyəti: Tikinti məqsədəuyğun sayılmayıb
Binəqədi Rayon İcra Hakimiyyəti də ərazinin Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş Bakı şəhərinin Baş Planına əsasən çoxfunksiyalı ictimai-işgüzar zonaya daxil olduğunu bildirib.
Bu səbəbdən həmin ünvanda fərdi yaşayış evinin tikintisinin məqsədəuyğun hesab edilmədiyi qeyd olunub.
İcra Hakimiyyətindən verilən məlumata görə, Bəhruz Alışov müraciətinə müsbət cavab verilmədikdən sonra Bakı İnzibati Məhkəməsinə iddia ərizələri ilə müraciət edib və hazırda müvafiq inzibati işlərə məhkəmədə baxılır.
Qurum həmçinin Bəhruz Alışovun dəfələrlə qəbul edildiyini, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinin ona izah olunduğunu bildirib.
Söküntünün kim tərəfindən aparıldığı sual olaraq qalır
Tərəflərin açıqlamalarında diqqətçəkən əsas məqam evin sökülməsinin konkret olaraq kim tərəfindən və hansı hüquqi əsasla həyata keçirilməsi məsələsidir. Şikayətçi söküntünün məhkəmə qərarı olmadan aparıldığını bildirir, rəsmi qurumların açıqlamalarında isə əsasən ərazinin Baş Plandakı təyinatına və tikintiyə razılıq verilməməsinə toxunulur.
Məsələ ilə bağlı məhkəmə proseslərinin davam etdiyi bildirilir.
