RSF: Son bir ildə 67 jurnalist öldürülüb
“Sərhədsiz Jurnalistlər” (RSF) təşkilatı bu il dünyada 67 jurnalistin öz peşə fəaliyyəti zamanı və ya peşələrinə görə həyatını itirdiyini açıqlayıb. Təşkilatın bu gün yayımladığı hesabatda bildirilir ki, həmin jurnalistlərin yarısına yaxını Qəzza zolağında “İsrail qüvvələrinin atəşi nəticəsində” həlak olub.
RSF vurğulayır ki, 1 dekabr 2024 – 1 dekabr 2025 dövrünü əhatə edən statistikada jurnalist ölümlərinin artması silahlı qüvvələrin – istər rəsmi ordular, istərsə də qeyri-nizami silahlı qruplar və mütəşəkkil cinayətkar dəstələrin – getdikcə daha aqressiv fəaliyyət göstərməsi ilə bağlıdır. Hesabatda xüsusi qeyd olunur ki, “jurnalistlər təsadüfən ölmür, onlar qətlə yetirilir”.
Dünyada 503 jurnalist həbsdədir
RSF xatırladıb ki, bir neçə gün əvvəl Əlcəzair Apellyasiya Məhkəməsi fransız jurnalist Kristof Qlisin “terrorizmi təqdir etmə” ittihamı ilə 7 il həbs cəzasını qüvvədə saxlayıb. Təşkilatın məlumatına görə, 47 ölkədə 503 jurnalist hazırda həbsdədir. Onların 121-i Çində, 48-i Rusiyada, 47-si isə Birmada saxlanılır.
Təşkilat həmçinin 135 jurnalistin itkin, bəzilərinin isə 30 ildən çoxdur ki, naməlum durumda olduğunu, əlavə olaraq 20 jurnalistin əsasən Suriya və Yəməndə girov götürüldüyünü təsdiqləyib.
RSF-in redaksiya direktoru Ann Bukaned “Frans Press”ə açıqlamasında bildirib:
“Bu, jurnalistlərə qarşı nifrətin gətirdiyi nəticədir. Bu, cəzasızlığın sonudur.”
O, hökumətləri jurnalistlərin qorunmasını prioritetə çevirməyə, onları hədəfə alan siyasətdən imtina etməyə çağırıb.
“Sionist rejim ordusu jurnalistlərin ən pis düşmənidir”
RSF-in hesabatında qeyd edilir ki, İsrail ordusu jurnalistlərin ən təhlükəli düşmənidir. Son 12 ayda Fələstin ərazilərində peşə fəaliyyətini icra edən 29 media əməkdaşı öldürülüb. 2023-cü ilin oktyabrında başlayan müharibədən bəri isə – peşə fəaliyyəti xaricində qətlə yetirilənlər də daxil olmaqla – bu rəqəm 220-dən çoxdur.
Ann Bukaned jurnalistlərin qəsdən hədəfə alındığını vurğulayaraq deyib:
“Burada təsadüfi güllə yoxdur. Bu, onların bölgədə baş verənləri dünyaya göstərdikləri üçün məqsədli şəkildə həyata keçirilən hücumlardır.”
Meksika: son illərin ən ölümcül ili
Hesabat Meksikanı da jurnalistlər üçün ən təhlükəli ölkələrdən biri kimi göstərir. Burada son üç ilin ən yüksək göstəricisi qeydə alınıb – doqquz jurnalist qətlə yetirilib. RSF vurğulayır ki, öldürülənlər yerli hadisələri işıqlandırır, mütəşəkkil cinayətkarlığın siyasi dairələrlə əlaqələrini araşdırırdılar və əvvəlcədən ölüm hədələri almışdılar.
Ukrayna və Sudan: davam edən risklər
Meksikadan kənar bölgələrdə də jurnalist ölümləri qeydə alınıb. Ukraynada üç jurnalist, o cümlədən fransız fotoqraf Antoni Lalikən həyatını itirib. Sudanda isə dörd jurnalistin öldürüldüyü təsdiqlənib.
Təşkilat bildirir ki, digər qurumların statistikasında fərqlər mövcuddur, çünki hesablama metodikası eyni deyil. UNESCO-nun məlumatına görə, 2025-ci ildə dünyada 91 jurnalist öldürülüb.
RSF 2023-cü ildə 49 jurnalistin qətlə yetirildiyini qeyd etmişdi ki, bu da son 20 ilin ən aşağı göstəricilərindən biri olub. Lakin 7 oktyabr 2023-də başlayan İsrailin Qəzzaya qarşı müharibəsi nəticəsində rəqəmlər 2024-cü ildə 66, 2025-ci ildə isə 67-yə yüksəlib.
