Şəhid Lider Seyid Əli Xameneinin Dəfn Mərasiminin Tarixi Açıqlandı

3 Dəq Oxuma Müddəti

Dəfn mərasimlərinin proqramı açıqlanıb

Şəhid lider Seyid Əli Xameneinin irsinin qorunması və yayılması üzrə ofis iyul ayında keçiriləcək vida və dəfn mərasimlərinin təfərrüatlarını açıqlayıb.

Məlumata görə, mərasimlər İranın müxtəlif şəhərlərində bir neçə gün ərzində təşkil ediləcək və minlərlə insanın iştirakı gözlənilir.

Tehran mərhələsi

İyulun 4 və 5-də Tehranda yerləşən İmam Xomeyni müsəllasında Seyid Əli Xameneinin cənazəsi ilə vida mərasimləri keçiriləcək.

İyulun 6-da isə paytaxt Tehranda rəsmi dəfn yürüşü təşkil olunacaq.

Qum və Məşhəd mərasimləri

Vida mərasimlərinin növbəti mərhələsi iyulun 7-də Qum şəhərində baş tutacaq.

İyulun 9-da isə Məşhəddə yekun dəfn və anım mərasimlərinin keçirilməsi nəzərdə tutulur.

Şəhid ailə üzvləri də mərasimlərdə yad ediləcək

Təşkilat Komitəsinin açıqlamasına əsasən, mərasimlər çərçivəsində şəhid liderin ailə üzvləri də ehtiramla anılacaq.

Bunlar şəhid Misbahül-Hüda Baqiri Kəni, şəhidə Büşra Hüseyni Xamenei, şəhidə Zəhra Həddad Adil və şəhidə Zəhra Məhəmməd Kəlbayqani kimi təqdim olunublar.

Mərasimlərdə İranın müxtəlif bölgələrindən gələn vətəndaşlarla yanaşı, xarici qonaqların, dini və siyasi nümayəndələrin iştirakı gözlənilir.

Vida mərasimi əvvəllər təxirə salınmışdı

Mart ayında keçirilməsi planlaşdırılan vida tədbirləri çoxsaylı vətəndaş müraciətləri səbəbindən təxirə salınmışdı.

Tehran əyalətinin İslam Təbliğatının Koordinasiyası Şurası həmin vaxt bildirmişdi ki, ölkənin müxtəlif bölgələrindən insanların mərasimdə iştirak etmək istəyi təşkilati dəyişiklikləri zəruri edib.

Seyid Əli Xameneinin həyat yolu

İnqilabdan dövlət rəhbərliyinə

Seyid Əli Xamenei 1939-cu ilin aprel ayında Məşhəd şəhərində ruhani ailəsində anadan olub. Dini təhsil aldıqdan sonra ictihad dərəcəsinə yüksəlib.

O, 1960-cı illərdən etibarən şah rejiminə qarşı mübarizədə fəal iştirak edib və İslam İnqilabının aparıcı simalarından biri kimi tanınıb.

İnqilabın qələbəsindən sonra Müdafiə Nazirliyində mühüm vəzifələr tutub, daha sonra Tehranın cümə imamı təyin olunub.

Prezidentlik və rəhbərlik dövrü

1981-ci ildə İran İslam Respublikasının prezidenti seçilən Seyid Əli Xamenei ölkənin üçüncü prezidenti olub.

Sonrakı illərdə Mədəni İnqilab Ali Şurasına, Məsləhət Şurasına və Konstitusiyaya Yenidən Baxılması Şurasına rəhbərlik edib.

1989-cu ildə İmam Ruhullah Xomeyninin vəfatından sonra İran İslam Respublikasının rəhbəri seçilib.

Fələstin məsələsində mövqeyi ilə tanınıb

Seyid Əli Xamenei fəaliyyət dövründə Fələstin məsələsinə verdiyi dəstək və müqavimət hərəkatlarına münasibəti ilə seçilib.

Onun rəhbərliyi dövründə İranın elmi, texnoloji və nüvə sahələrində mühüm inkişaf mərhələləri keçdiyi qeyd olunur.

 

Bu Xəbəri Paylaş
Şərh edilməmiş