Ərəb Dövlətləri Liqası (ƏDL) və İslam Əməkdaşlıq Təşkilatı İsraili Qüds və Qəzza sektoru sakinlərinə qarşı təcavüz və etnik təmizləmədə ittiham edən bəyanatla çıxış edib.
Rasthaber Azərbaycan xəbər verir ki, Ərəb Dövlətləri Liqası İsrailin hücumunu hərbi cinayət adlandırıb.
“Biz İsrailin Fələstin xalqına qarşı hərbi cinayət və təcavüzünü, Qəzza sektoruna vəhşicəsinə zərbələrini, həmçinin İsrailin etnik təmizləmə üzrə bütün hərəkətlərini və gələcək planlarını qəti şəkildə pisləyirik”, – deyə ƏDL-nin bəyanatında qeyd edilib.
Bildiriib ki, “hazırkı təcavüzkar müharibə, eskalasiya və bütün cinayət hərəkətlərinə görə tam məsuliyyət” İsrailin üzərindədir.
İslam Əməkdaşlıq Təşkilatına daxil olan müsəlman dövlətləri də İsrail rejimindən Fələstinə və fələstinlilərin mülkiyyətlərinə barbar hücumları dərhal dayandırmağı tələb edib.
Bəyanat İƏT ölkələrinin XİN rəhbərlərinin keçirilən təcili onlayn toplantısında qəbul olunub.
“Fələstin torpaqlarını işğal edən İsrail Fələstin xalqına, onun torpaqlarına, müqəddəs məkanlarına qarşı barbar hücumlar həyata keçirir. Biz dərhal bu hücumları dayandırmağı tələb edirik və bunu hərbi cinayət, beynəlxalq hüquq və qanunların pozulması kimi dəyərləndiririk”, – deyə bəyanatda qeyd edilir.
İƏT İsrail rejiminə qarşı BMT-nin Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırılmasını tələb edib.