Qurban bayramının əməllərini təqdim edirik.
Az.rasthaber.com xatırladır ki, Qurban İslam aləmində ən möhtəşəm bayramlardan biridir. Bütün müsəlman aləmində hər il Orucluq ayı bitəndən 70 gün sonra qeyd olunur və adətən üç gün davam edir. Qurban olaraq qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurban kəsilib kasıblara paylanılır.
Bu mübarək gün, insanın Allah qarşısında səmimi itaətini, ruhani saflığını və ictimai məsuliyyət hissini əks etdirir. Qurban ibadəti təkcə zahiri mərasim deyil, həm də mənəvi yüksəliş və ictimai həmrəyliyə çağırışdır.
Qurban ibadətinin əsasında Hz. İbrahimin (ə) və Hz. İsmayılın (ə) Allahın əmrinə qeyd-şərtsiz təslimiyyəti dayanır. Bu hadisə bizə göstərir ki, insanın Allaha olan bağlılığı sadəcə sözlə deyil, əməllə və qurban verməklə ölçülür.
Qurani-Kərimdə bu barədə buyurulur:
“Onların nə ətləri, nə də qanları Allaha çatmaz. Allaha yalnız sizin təqvanız çatır…”
(Əl-Həcc, 37)
Qurban Bayramı nisbi olaraq həm də sosial həmrəylik və mərhəmət bayramıdır. Bu gün varlı ilə kasıb arasında bağ qurulur, ehtiyac sahiblərinə yardım edilir, cəmiyyət içində bərabərlik ruhu güclənir.
Kəsilən qurbanın ətinin ehtiyacı olanlara çatdırılması, paylaşma və qardaşlıq mədəniyyətinin təzahürüdür. Bu, yalnız maddi yardım deyil, həm də mənəvi bir bağlılıq və birlik duyğusudur.
Qurban Bayramı, insana öz daxilindəki mənəvi “qurbanlıq”ları da xatırladır: təkəbbür, həsəd, kin, tamah, riyakarlıq kimi mənfi xüsusiyyətlər. Bu bayram ruhani təmizlənmə fürsəti, nəfs üzərində qələbə anıdır.
Bu sözlər bizə göstərir ki, ibadətin ən gözəl formalarından biri də başqalarının dərdinə şərik olmaq və sevinclərinə səbəb olmaqdır.
Qurban bayramı gününün əməlləri:
1. Qüsl etmək;
2. Bayram namazı; bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir və həm camatla (red: pandemiya şəraitinə görə məscidlərdə bayram namazı qılınmır), həm də fərdi qılına bilər. Qurban bayramı namazının vaxtı günəş qalxdıqdan günortayadəkdir.
Qurban bayramının namazı belə qılınır: Qurban bayramı namazı iki rəkətdir.
Birinci rəkətdə həmd və surə oxunduqdan sonra beş təkbir deyilməli və hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra növbəti təkbir deyilir, ardınca rüku və səcdələr yerinə yetirilir.
İkinci rəkətdə dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir. Təşəhhüd və salamla namaz başa çatır.
Bu namazların qunutunda istənilən bir duanı oxumaq olar. Amma savab məqsədi ilə bu duanı oxumaq daha münasibdir: “Əllahummə əhləl-kibriyai vəl-əzəmə və əhləl-cudi vəl-cəbəruti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əsəlukə bihəqqi hazəl-yəvmilləzi cəəltəhu lil-musliminə əydən vəlimuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzidən ən tusəlli əla muhəmmədin və ali muhəmmədin və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi muhəmmədən və alə muhəmmədin və ən tuxricəni min kulli suin əxrəctə minhu muhəmmədən və alə muhəmmədin sələvatukə ələyi və ələyhim əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun”.