ABŞ Qəzzada atəşkəslə bağlı qətnaməyə veto qoydu

ABŞ Qəzzada atəşkəslə bağlı qətnaməyə veto qoydu

BMT Təhlükəsizlik Şurasında Qəzzada atəşkəs çağırışı edən qətnamə layihəsi ABŞ tərəfindən veto edildi, səbəb isə HƏMAS-ın qınanmaması oldu

Az.rasthaber.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) Qəzzada təcili atəşkəsin təmin edilməsi məqsədilə təqdim edilən qətnamə layihəsi ABŞ-ın vetosu ilə rədd edildi. ABŞ, sənəddə HƏMAS-a qarşı açıq şəkildə qınamanın yer almamasını əsas gətirərək layihəyə qarşı çıxdı. Veto qərarı beynəlxalq ictimaiyyətdə müzakirələrə səbəb oldu və bu, Qəzzada humanitar böhranın daha da dərinləşdiyi bir dövrə təsadüf etdi.

Qəzzada atəşkəsin təmin olunması üçün təqdim edilən qətnamə layihəsi, HƏMAS-ın qınanmadığı əsas gətirilərək ABŞ tərəfindən veto edildi. Təhlükəsizlik Şurası, qurumun müvəqqəti 10 üzvü (E10) tərəfindən imzalanan və qrupun koordinatoru olan Sloveniya tərəfindən dünən təqdim edilən layihəni müzakirə etmək üçün toplaşdı.

Humanitar vəziyyəti əsas gətirərək irəli sürülən atəşkəslə bağlı qətnamə layihəsinin səsverməsi zamanı ABŞ veto hüququndan istifadə etdi. İsrailin hücumlarının davam etdiyi Qəzzada mülki şəxslərə təcili yardım çağıran layihə, 14 lehinə səsə baxmayaraq, veto hüququ olan daimi üzv ABŞ tərəfindən rədd edildi.

ABŞ nümayəndəsi Doroti Şea veto qərarına səbəb olaraq bildirdi: “Bu qərara qarşı çıxmağımız təəccüblü olmamalıdır. Həm məzmunu, həm məzmunun olmaması, həm də təqdim olunma forması bizim üçün qəbuledilməzdir.” O əlavə etdi: “ABŞ, HƏMAS-ı qınamayan heç bir tədbiri dəstəkləməyəcəyini açıq şəkildə bəyan edib.”

E10 qrupu adından ABŞ-ın veto qərarını şərh edən Sloveniya nümayəndəsi, BMT-dəki daimi səfir Samuel Zboqar dedi: “Qətnamə qəbul olunmadı, amma 14 lehinə səs güclü bir mesajdır.”

Zboqar vurğuladı ki, ABŞ-ın bir veto səsi ilə Şuranın fəaliyyətə keçməsinin qarşısı alındı: “80 ildir beynəlxalq ictimaiyyəti yönləndirən qaydalardan əl çəkməklə veto hüququ arasında seçim etmək məcburiyyətində qaldığımızda, biz insanlığı seçdik.”

O bildirdi ki, Təhlükəsizlik Şurasında fərqli mövqelərin olduğunu nəzərə alaraq, hazırladıqları layihədə yalnız humanitar vəziyyətə fokuslanıblar: “Şuranın əngəlsiz humanitar yardım və aclıqdan ölən mülki şəxslərə ərzaq çatdırılması tələbini ətrafında birləşməsi lazım olduğunu düşündük.”

Sloveniya nümayəndəsi çıxışında qeyd etdi ki, mülki şəxsləri aclığa məhkum etmək, onlara “ölçüyəgəlməz” əzablar yaşatmaq “insanlıqdan kənar və beynəlxalq hüquqa ziddir”: “Heç bir hərbi məqsəd belə bir hərəkəti əsaslandıra bilməz. Bunun ortaq anlayışımız olduğunu ümid edirdik.”

Qəzzaya təcili yardım çağıran layihə dünən Təhlükəsizlik Şurasının müvəqqəti 10 üzvü (E10) tərəfindən təqdim edilmiş və bu gün üçün səsvermə tələb olunmuşdu.

Layihədə mart ayında Sionist İsrailin hücumlarını yenidən başlatması ilə Qəzzada mülki əhalinin vəziyyətinin daha da pisləşdiyinə diqqət çəkilmişdi.

E10 qrupu, aclıq riski daxil olmaqla, Qəzzadakı vəziyyətlə bağlı “ciddi narahatlıqlarını” ifadə edən və bütün tərəflərin beynəlxalq hüquq çərçivəsindəki öhdəliklərinə əməl etməli olduqlarını bir daha təsdiqləyən qısa və aydın qətnamə layihəsi hazırladıqlarını bildirmişdi.

Layihəyə imza atan ölkələr arasında E10-un koordinatoru Sloveniya başda olmaqla, Əlcəzair, Danimarka, Yunanıstan, Qayana, Panama, Pakistan, Cənubi Koreya, Syerra Leone və Somali yer alır.

Xəbəri paylaş

VİDEOLAR