Livanın informasiya naziri Corc Kərdahi ötən gün istefa verib.
Az.rasthaber.com REGNUM-a istinadən xəbər verir ki, jurnalistlərin məlumatına görə, Kərdahi diplomatik qalmaqal səbəbi ilə öz postunu tərk etmək məcburiyyətində qalıb.
Xatırladaq ki, o, verdiyi müsahibələrin birində Yəmən və onun dinc əhalisinə qarşı təcavüz və işğalçılıq siyasəti yürüdən ərəb ölkələrini sərt şəkildə tənqid edib. O, "Ənsarullah" qüvvələrini "Hizbullah"-a bənzədib və deyib ki, husilər də "Hizbullah" kimi öz vətənlərini müdafiə edirlər. Kərdahi həmçinin bildirib ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə evləri, binaları, kəndləri və şəhərləri bombardman edir. Onun bu bəyanatı Livan və Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt arasındakı münasibətlərin gərginləşməsi ilə nəticələnib.
Rəsmi ər-Riyad Kərdahinin istefasını tələb edib.
"Mənim istefam Livanla Fars körfəzinin (ərəb ölkələri) arasındakı münasibətlərin yaxşılaşmasını mümkün edib. Ölkəmin və ailəmin maraqları mənim şəxsi maraqlarımdan üstündür, livanlıları maraqları isə mənim nazir vəzifəmdən də üstündür, ona görə də mən öz postumu tərk etmək qərarı qəbul etdim", - deyə Kərdahi qeyd edib.