Qəzzanın Səhiyyə Nazirliyinin bildirdiyinə görə, mayın 16-da İsrailin Qəzza şəhərinə qarşı hava hücumlarında 33 nəfər ölüb.
Rasthaber xəbər verir ki, işğalçı İsrail döyüşlərin yeddinci günü Həmasın Qəzza lideri Yəhya Əl-Sinvarın evini bombalayıb. Sinvarın evdə olub-oldmadığı məlum deyil.
Associated Press-in məlumatında bildirilib ki, "lider çox ehtimal qrupun yuxarı eşelonunun qalan hissəsi ilə birlikdə ərazidən uzaqlaşıb".
İsrailin fələstinli silahlılara qarşı hava və artilleriya hücumları "lazım olduğu qədər davam edəcək" deyə, İsrail Baş naziri Benyamin Netanyahu şənbə günü bildirib.
Şənbə günü fələstinlilər 1948-ci ildə Fələstinin dağıdılması və İsrailin yaranmasını qeyd edən Nəkbə və ya “Fəlakət günü”nü qeyd etdiyi zaman gərginlik daha da artıb.
BMT-nin Təhlükəsizlik Şurası məsələni müzakirə etmək üçün bazar günü iclas keçirib.