İraqın Mosul şəhərinin cənubunda yerləşən və 2014-2017-ci illər arasında terror təşkilatı DEAŞ tərəfindən ölüm çuxuru kimi istifadə edilən Hasfa çuxuruna atılan iki mindən çox cəsədin çıxarılacağı açıqlanıb.
Az.rasthaber.com xəbər verir ki, İraqın Mosul şəhərinin təxminən 20 kilometr cənubunda yerləşən Hasfa çuxurunu ziyarət edən Mosul valisi Əbdülkadir əl-Dehil burada açıqlama verib.
Dehil bildirib ki, İŞİD terror təşkilatı tərəfindən çuxura atılan iki mindən çox vətəndaşın cəsədinin çıxarılması prosesi yaxın vaxtlarda başlayacaq.
Mosul valisi illərdir yaxınlarının taleyi ilə bağlı heç bir məlumat almayan vətəndaşlar üçün bu addımı atacaqlarını bildirib. Yüzlərlə Mosullunun terrorçular tərəfindən çuxura atıldığını bildirən Dehil, İraq tarixinin ən vəhşi hərəkətinin burada həyata keçirildiyini xatırladıb.
Dehil 2016-cı ildə çuxurun kütləvi məzarlığa çevrildiyini və bir gündə oraya 2080 cəsədin atıldığını qeyd edib.
İraq təhlükəsizlik qüvvələrinin cəsədlərinin də çuxura atıldığını bildirən Dehil, "İŞİD-in şəhərə nəzarət etdiyi illər ərzində yüzlərlə günahsız insanı bir gündə bura gətirib, öldürüb, sonra da çuxura atıblar" dedi.