İranın xarici işlər naziri Seyyid Abbas Əraqçı, İran-ABŞ arasında aparılan dolaylı danışıqların 5-ci raundunda iştirak etmək üçün Romaya səfəri zamanı Vatikanın baş naziri Kardinal Pietro Parolin ilə görüş keçirib.
Az.rasthaber.com xəbər verir ki, görüşdə həmçinin Vatikanın xarici işlər naziri Piskopos Paul Gallagher də iştirak edib.
Əraqçı, Papa Fransiskin vəfatı münasibətilə başsağlığı verərək, yeni seçilən Papa XIV Leo ilə bağlı təbriklərini çatdırıb.
O, İran xalqının sülhməramlı nüvə enerjisindən istifadə hüququ və ehtiyacları ilə bağlı Tehranın mövqeyini izah edərək, Vatikanın yüksək vəzifəli şəxslərini İran və ABŞ arasında gedən dolaylı danışıqlar prosesi barədə məlumatlandırıb.
İranın XİN rəhbəri eyni zamanda Qəzzada davam edən soyqırım və artan qətliamlar nəticəsində işğal altındakı Fələstinin yaşadığı fəlakətli vəziyyəti təsvir edib. Əraqçı, Qəzzada törədilən cinayətlərə qarşı bütün ölkələrin və xalqların həm hüquqi, həm də mənəvi məsuliyyət daşıdığını vurğulayıb. O, bu cinayətlərin dərhal dayandırılmasının və humanitar yardımların bölgəyə çatdırılmasının vacibliyini qeyd edib.
İranlı nazir əlavə edib ki, Fələstin xalqının, xüsusilə də öz müqəddəratını təyin etmə haqqı başda olmaqla, əsas hüquqları açıq şəkildə pozulur. O bildirib ki, işğal, qətl və hüquq pozuntuları Qərbi Asiya regionunda təhlükəsizlik və sabitlik problemlərinin əsas mənbəyidir.
Əraqçı vurğulayıb ki, onilliklərdir iki dövlətli həll yalnız gerçəkləşməyən bir vəd olaraq qalıb və bu vəziyyət Fələstin xalqının hüquqlarının daha da pozulmasına səbəb olub. O, İsrail rejiminin müstəmləkəçilik siyasəti ilə Fələstini məhv etməyə çalışdığını bildirib. İranın təklif etdiyi həll yolunun isə, müsəlman, yəhudi və xristian Fələstinlilərin iştirakı ilə ümumi bir referendum keçirilərək, Fələstin torpaqlarının bütövlüyü çərçivəsində demokratik və vahid bir dövlətin qurulması olduğunu deyib.
Görüş zamanı həmçinin İran və Vatikan arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, dinlərarası dialoq və sülh mövzuları da müzakirə olunub.