İsrailin Qəzza sektorunda qətlə yetirdiyi günahsız fələstinlilərin sayı 53 min nəfəri keçib.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyi məlumat yayıb.
Belə ki, 2023-cü il 7 oktyabrda bəri İsrailin davam etdiyi qətliam və soyqırımında həyatını itirən qəzzalıların sayı 53 010 nəfərə, yaralıların sayı isə 119 998 nəfərə çatıb ki, onların da böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.
Cari ilin 18 martından – İsrailin atəşkəsi pozduğu gündən etibarən isə qətlə yetirilən dinc sakinlərin sayı 2 876, xəsarət alanların sayı isə 7 957 nəfərə çatıb.
Təkcə son sutka ərzində 100-dən çox dinc fələstinli İsrail hücumları nəticəsində həyatını itirib.
Həmçinin minlərlə Qəzza sakini də itkin düşmüş hesab edilir.
Qeyd edək ki, bu rəqəmlər rəsmi statistikadır, müharibə və digər ağır şəraitə görə real itkinlərin sayını müəyyən etmək qeyri-mümkündür. Bir sıra mənbələrin məlumatına görə, İsrail bombardmanlarına, hücumlarında öldürülən mülki əhalinin sayı bir neçə dəfə çoxdur.
İsrailin davam edən hərtərəfli – havadan, sudan, qurudan blokadası səbəbilə bölgədə ağır humanitar fəlakət yaşanmaqdadır. 2 milyondan çox Qəzza sakini aclıqdan, susuzluqdan, tibbi xidmətlərin və dərmanların çatışmazlığından və digər problemlərdən əziyyət çəkir. İnsanlar, xüsusilə də uşaqlar aclıqdan həyatlarını itirirlər.