İslam İnqilabının rəhbəri Ayətullah Xamenei dünən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin bir qrup komandanı ilə görüşüb.
Rasthaber Azərbaycan xəbər verir ki, görüş zamanı o İslam İnqilabı, ABŞ-dakı hadisələr, İranın danışıqlara qayıdıb qayıtmaması və s. mövzular olub.
“İnqilabın sürətli hərəkətinin davamlılığının şərti xalqın meydanda olması, fasiləsiz iş və çalışma, xüsusilə məsul şəxslər arasında söz birliyi, ilahi vədə etimad, milli güc komponentlərinin əməldə artırılmasıdır”, -deyə o görüş zamanı bildirib.
İslam İnqilabının Rəhbəri ABŞ-da baş verən son qalmaqalların və Trampın süqutunun ABŞ-ın siyasi və ictimai heysiyyəti, gücü və daxili strukturunun tənəzzülü olduğunu deyib.
O, amerikalı və avropalı rəsmilərin sanksiyalarla bağlı açıqlamalarına işarə edərək “Amerikalılar və avropalıların şərt qoymağa qətiyyən haqları yoxdur. Çünki danışıqların öhdəliklərini onlar özləri pozdular. Şərt qoymaq haqqına sahib olan bir tərəf varsa, o da İslam Respublikasıdır. Çünki öz öhdəliklərinə sadiq idi. Buna görə də İran HBFP-na yalnız ABŞ sanksiyaları sözdə və ya kağız üzərində yox, əməldə ləğv etdiyi və bu ləğvetmə İranın həqiqi sınağından keçdiyi zaman qayıdacaq. Bu, İran İslam Respublikasının qəti və dönüşü olmayan, bütün məsul şəxslərin yekdilliklə qəbul etdiyi və heç kəsin imtina etməyəcəyi siyasətidir”, -deyə bildirib.
Ayətullah Xamenei 19 bəhmən 1357-ci il hadisəsinin Allahın günləri olduğunu bildirərək deyib: “Ordunun mühüm bir hissəsinin ayrılıb İmama və xalqa qoşulması möcüzəyə bənzəyirdi. Çünki tağut rejimin əsas söykənəcəyi ordu və SAVAK idi. Sonda təsəvvür etmədikləri bir yerdən zərbə aldılar”.
Ayətullah Xamenei İranın şəraiti və əhalinin qiymətləndirilməsində o dövrün Amerikasının demokrat hökumətinin təəccüb doğuran hesablama yanlışlığına da işarə edərək “Amerikalılar şahənşahlıq ordusuna çox ümidvar idilər. Qəti xəbərlərə əsaslanaraq çevriliş planı hazırlamış, bununla da inqilabın başçıları və qabaqcıl nümayəndələrini ələ keçirib xalqa qarşı genişmiqyaslı aqressiya tətbiq edərək rejimin tənəzzülünə mane olmağı planlaşdırırdılar. Şeytan xislətli planı puça çıxaran amillərdən biri Hava Qüvvələrinin 19 bəhmən tarixli hərəkəti oldu”, -deyə əlavə edib.
O vurğulayıb ki, amerikalıların İranla bağlı yol verdikləri hesablama səhvləri davam edir və onlar hələ də İran xalqını doğru-düzgün tanıyıb başa düşə bilməyiblər: “Bu hesablama yanlışlarından biri 88-ci il fitnəsi idi. ABŞ-ın demokrat prezidenti işini tamamlayacağı xəyalı ilə fitnəyə rəsmən dəstək verdi”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, İranı diz çökdürmək məqsədilə həyata keçirilən misli görülməmiş sanksiyalar ABŞ-ın hesablama səhvlərinin başqa bir nümunəsidir: “Bir nömrəli axmaqlardan biri iki il bundan əvvəl demişdi ki, 2019-cu ilin yanvar bayramını Tehranda qeyd edəcəyik. İndi o adamın özü tarixin zibilliyinə atılıb, rəisi də təpiklə vurularaq rüsvayçı bir şəkildə Ağ evdən çıxarılmışdır. Ancaq İran İslam Respublikası Allahın lütfü ilə başıuca dayanmışdır”.
Ayətullah Xamenei vurğuladı ki, düşmənin özü və hesablama orqanının qüsuru qarşısında sadəlövhlük etmək olmaz: “İslam İnqilabının 42 illik hərəkətinin uğur qazanmasında rol oynayan digər amillər xalqın meydanda olması, iş görüb çalışması, bu iştirakın zəruriliyinə iman, ilahi vədə etimad və əks layihələr olmuşdur”.
“Oturub tamaşa etməklə heç bir iş yürüməz. Məsul şəxslər iş və əməl meydanında olmaqla və Allaha etimad etməklə milli güc komponentlərini daim artırsınlar və əməldə də güc istehsal etsinlər. Xüsusilə sanksiya şəraitində belə böyük və heyrətamiz təlimlərin keçirilməsi, milli təhlükəsizliyin Silahlı Qüvvələrdə xidmət edən vətən övladlarının əli ilə təmin edilməsi çox qürurvericidir”, -deyə o əlavə edib.
Ayətullah Xamenei bildirdi ki, Silahlı Qüvvələrdə güc istehsal edilməsi təchizatı gücləndirməklə yanaşı, əhval-ruhiyyənin qorunması və artırılması, qüvvələrin imanı və mənəvi gücünün artırılması ilə şərtlənir: “Regionun bəzi dövlətlərinin böyük səhvi ondadır ki, milli təhlükəsizliklərinin qorunmasını yadlardan istəyir, milyardlarla dollar xərcləmələrinə, təhqir olunmalarına və alçaldılmalarına baxmayaraq, sonda həssas məqamlarda təhlükəsizlikləri qorunmur. Bu gerçəyə bir neçə ilə əvvəl Misir və Tunis hadisələrində, Məhəmmədrza Pəhləvinin aqibətində şahid olduq”.
O, çıxışının davamında daxildə də səhv və xətanın meydana gəlməsinə imkan verilməməsinin zəruriliyini vurğulayıb: “Böyük səhvlərdən biri düşmənin gücündən qorxmağımız və ya siyasi və iqtisadi məsələlərdə düşmənə ümid bəsləməyimiz olar”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, daxili güc və qüvvə ilə bağlı mübaliğəyə yol verilməməlidir: “Ancaq daxili gerçəkləri görməli, onu yüksəltməli və bilməliyik ki, istənilən gücdə olsaq belə, düşməndən qorxsaq, işdən qalacağıq”.