WSJ: Tramp İrana Qarşı Müharibə Planını Təxirə Saldı

2 Dəq Oxuma Müddəti

Tramp hərbi variantları nəzərdən keçirib

ABŞ-ın “The Wall Street Journal” nəşri amerikalı rəsmilərə istinadən yazıb ki, Prezident Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyat planları barədə məlumatlandırılıb.

Məlumata görə, Ağ Ev rəhbəri müxtəlif hərbi ssenariləri dəyərləndirsə də, hazırkı mərhələdə diplomatik prosesin davam etdirilməsini daha məqsədəuyğun hesab edib.

Nəşrin yazdığına görə, Tramp hesab edir ki, yeni hərbi zərbələr ABŞ ilə İran arasında aparılan danışıqları zəiflədə və nüvə proqramı üzrə mümkün razılaşmanın əldə olunması şansını azalda bilər.

Diplomatik prosesə üstünlük verilir

Qəzetin məlumatına əsasən, Donald Tramp köməkçilərinə bildirib ki, nüvə sazişi üzrə müəyyən edilmiş 18 avqust tarixindən sonra da Tehranla danışıqları davam etdirməyə hazırdır.

Bu yanaşma Ağ Evin hərbi eskalasiyadan daha çox diplomatik həll yoluna üstünlük verdiyini göstərən növbəti siqnal kimi qiymətləndirilir.

Pentaqon rəhbərliyi ilə müzakirələr aparılıb

Məlumata görə, ABŞ Prezidenti son günlər müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn ilə İrana qarşı əlavə hərbi zərbələrin mümkünlüyünü müzakirə edib.

Lakin aparılan müzakirələrin yekununda Vaşinqtonun hazırkı mərhələdə diplomatik kursu davam etdirmək qərarına gəldiyi bildirilir.

ABŞ və İran arasında memorandum imzalanıb

Xəbərdə qeyd olunur ki, ABŞ və İran daha əvvəl müharibənin dayandırılması və yekun razılaşmaya nail olunması məqsədilə anlaşma memorandumu imzalayıblar.

Sənəddə danışıqların davam etdirilməsi, ABŞ-nin tətbiq etdiyi dəniz blokadasının mərhələli şəkildə aradan qaldırılması və İran gəmilərinin Hörmüz boğazından hərəkətinin bərpası ilə bağlı vaxt cədvəlinin hazırlanması da nəzərdə tutulur.

Hazırda tərəflər arasında diplomatik təmasların davam etdiyi və memorandumun müddəalarının icrası istiqamətində müzakirələrin aparıldığı bildirilir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş