Əbdülbari Ətvan hesab edir ki, Tramp necə çıxacağını bilmədiyi bir müharibəyə girib. Hadisələr ABŞ və Fars körfəzindəki ərəb müttəfiqlərinin maraqlarının əksinə inkişaf edir. Buna görə də o, tarixin ən böyük yalançısı və geri addım atan şəxsidir.
Ərəb dünyasının tanınmış analitiklərindən Əbdülbari Ətvan “LMUHIM” YouTube kanalında etdiyi açıqlamaların bir hissəsində deyib: Trampın adı yalanları və ardı-arası kəsilməyən geri addımları səbəbindən “Ginnes”in Rekordlar Kitabına düşəcək. O, tarixin ən böyük yalançısı və geri addım atan şəxsidir. İrana genişmiqyaslı hücum təşkil etmək və İranı dünya xəritəsindən silmək üçün bir neçə günlük müddət müəyyən etdi. İranın bütün elektrik, su və enerji obyektlərini dağıdacağımızı və bu ölkəni məhv edəcəyimizi söylədi. Lakin hücum vaxtına dəqiqələr qalmış geri addım atır və diplomatiya ilə dialoq səylərinə daha çox fürsət verdiyimizi iddia edir.
İranlıların və Fars körfəzindəki ərəb ölkələrinin ona zəng edərək müharibəni bitirməsini tələb etdiklərini iddia edir. Bunun yaxşı bir razılaşma üçün son fürsət olduğunu söylədi. Ondan yaxşı razılaşmanın necə bir şey olduğunu soruşmaq lazımdır. Yaxşı razılaşmanın Hörmüz boğazına nəzarətin bizim əlimizdə olması və İranın nüvə silahı əldə etməsinin qarşısının alınması olduğunu söylədi.
Trampa İranın nüvə silahı əldə etməyə çalışdığını göstərən bircə dəlil təqdim etməsi deyilməlidir. Tramp böyük bir yalançıdır. Hörmüz boğazına necə nəzarət edə bilər? Hörmüz boğazının açıq olduğunu və neftin bu boğazdan keçdiyini iddia etdi. Halbuki heç bir ərəb ölkəsi bircə barel belə neft və ya qaz sata bilmir. Bu ölkələr təxminən 6 aydır bir barel belə neft və ya qaz sata bilməyiblər. Gəlirləri yoxdur və büdcə kəsiri ilə üzləşəcəklər.
Hörmüz boğazından gündə təxminən 25 milyon barel neft keçirdi, indi isə bu boğazdan bircə barel belə neft keçmir. Ərəb ölkələrinin xəzinələri boşalıb. Bu vəziyyət həmin ölkələrin iqtisadiyyatına təsir edəcək. ABŞ özü belə zərər görəcək. Bu ölkələr ABŞ-ın müharibə xərclərini qarşılaya bilməzlər. Əfqanıstan müharibəsi ABŞ-a 1 trilyon dollara başa gəldi. Bu müharibə iyirmi il davam etdi və sonda amerikalılar Əfqanıstandan pişik kimi qaçmaq məcburiyyətində qaldılar; Kabil hava limanında baş verənlər hər şeyi göz önünə sərir.
Ətvan sözlərinə belə davam edib: Gərginliyi artırmaq yanaşması fiasko ilə nəticələndi. Baş verən budur ki, İran Hörmüz boğazına nəzarəti əlində saxlayır və İranın icazəsi olmadan bircə tanker belə bu boğazdan keçə bilməz. Tramp danışıqların başladığını iddia etdi, İran isə danışıqlar heyətinin bütün üzvlərinin Tehranda olduğunu açıqladı.
Həqiqət budur ki, Tramp necə çıxacağını bilmədiyi bir müharibəyə girib. Populyarlığı aşağı düşərək 28 faizə geriləyib. Bu rəqəm də düşməyə davam edir. Aralıq seçkilərə necə gedəcəyini bilmir. ABŞ və İsrail rejiminin artıq raketi qalmayıb. İranın Təl-Əvivə və ABŞ bazalarına atdığı hipersəs və kasetli raketlərin hər biri qarşısının alınması məqsədilə ən azı 70-80 İsrail və ABŞ raketinin boş yerə sərf edilməsinə səbəb olur.
Raket anbarları boşalıb; ABŞ ordusu və İsrail rejimi rüsvay olub. PUA-larla yanaşı, indiyədək 40-dan çox döyüş təyyarəsi iranlılar tərəfindən vurulub. Hadisələr onların istəklərinin əksinə inkişaf edir və bu müharibədə heç bir məqsədləri olmayıb. Bu müharibədən xilas olmaq üçün də planları yoxdur. ABŞ-ın Əfqanıstandakı böyük məğlubiyyəti İranda və Fars körfəzi bölgəsində bir daha təkrarlanır.
Fələstinli analitik deyib: İndi amerikalılar qaçırlar. Küveytdəki bazaları iranlılar tərəfindən dağıdılıb və indi bu ölkədən qaçırlar. Ərbil bölgəsindən də qaçıblar. ABŞ-ın Ərbildəki bazaları İran raketləri ilə asanlıqla hədəfə alınır. Bəhreyndən də qaçırlar. ABŞ qüvvələrinin Bəhreyndəki 5-ci Donanma bazası demək olar ki, tamamilə dağıdılıb.
Əfqanıstandan qaçdıqları kimi, İrandan, Fars körfəzi bölgəsindən və Hörmüz boğazından da qaçacaqlar. Əfqanıstanla İran arasında çox böyük fərq var. Əfqanların əlləri boş idi, lakin iranlıların mənzili 2 min kilometrdən çox olan raketləri var. Böyük və kaset başlıqlı Xeybərşekən raketlərinə sahibdirlər. Amerikalılar da İranın gücünün reallıqlarını etiraf etdilər.
Ətvan açıqlamalarının son hissəsində deyib: Hadisələr ABŞ və Fars körfəzindəki ərəb müttəfiqlərinin maraqlarının əksinə inkişaf edir. Əgər Tramp İranın enerji obyektlərini hədəfə alarsa, iranlılar ərəb ölkələrinin enerji obyektlərini yerlə-yeksan edəcək və bu ölkələr artıq ehtiyac duyduqları şirin suyu təmin edə bilməyəcəklər. Bu ölkələrin insanları 55 dərəcə istidə su, elektrik və kondisioner olmadan həyatlarını davam etdirə bilməyəcəklər. Tramp tarixdən və coğrafiyadan heç nə anlamır.
