ABŞ Ali Məhkəməsi Trampın etirazını qəbul etmədi
ABŞ Ali Məhkəməsi keçmiş prezident Donald Trampın yazıçı E. Cin Kerrolla 5 milyon dollar təzminat ödəməsi barədə məhkəmə qərarına etdiyi apellyasiya müraciətini baxılmağa qəbul etməyib. Bununla da münsiflər heyətinin çıxardığı qərar hüquqi baxımdan qüvvəyə minib və Trampın təzminatı ödəməsi məcburi olub.
Söhbət E. Cin Kerrollun Donald Trampa qarşı qaldırdığı iki mülki iddiadan birincisi üzrə çıxarılan qərardan gedir. Kerroll Trampın ona qarşı cinsi xarakterli zorakılıq törətdiyini və sonradan verdiyi açıqlamalarla böhtan ataraq nüfuzuna zərər vurduğunu iddia edib.
Münsiflər heyəti 5 milyon dollar təzminata qərar verib
2022-ci ildə Nyu-Yorkda qəbul edilən qanun əsasında əvvəllər baş vermiş cinsi zorakılıq iddiaları ilə bağlı mülki iddia qaldıran Kerrollun işi ilk olaraq məhkəmədə araşdırılıb.
Münsiflər heyəti Donald Trampın Kerrolla qarşı cinsi istismar törətdiyi və daha sonra onu təhqir edən açıqlamalar verdiyi qənaətinə gələrək, onun 5 milyon dollar məbləğində təzminat ödəməsinə qərar çıxarıb.
Daha bir məhkəmə işi üzrə 83 milyon dollarlıq qərar
Bundan sonra baxılan digər iddia isə 2019-cu ildə Trampın Kerroll barədə səsləndirdiyi açıqlamalarla bağlı olub. Həmin iş üzrə məhkəmə Donald Trampın təxminən 83 milyon dollar təzminat ödəməsinə hökm verib.
Məlumata görə, faizlər də nəzərə alındıqda Trampın E. Cin Kerroll qarşısında ümumi maliyyə öhdəliyi 100 milyon dolları ötür.
Kerrollun vəkili qərarı alqışladı
Kerrollun vəkili Roberta Kaplan Ali Məhkəmənin qərarını şərh edərək bildirib ki, bu qərar Donald Trampın E. Cin Kerrolla qarşı cinsi istismar və böhtan xarakterli hərəkətlər etdiyinə dair münsiflər heyətinin yekdil qərarını qəti şəkildə təsdiqləyir.
Onun sözlərinə görə, Trampın bu qərardan yayınmaq üçün etdiyi bütün hüquqi cəhdlər nəticəsiz qalıb.
Tramp ittihamları qəbul etmir
E. Cin Kerroll iddia edir ki, Donald Tramp 1990-cı illərin ortalarında Nyu-Yorkdakı mağazaların birində ona qarşı cinsi zorakılıq törədib. O, həmçinin Trampın sonradan bu iddiaları kitab satışlarını artırmaq məqsədilə uydurulduğunu deməklə ona böhtan atdığını bildirib.
Donald Tramp isə bütün ittihamları rədd edir. Onun hüquq komandası məhkəmə proseslərini siyasi motivli “cadugər ovu” adlandıraraq, qərarların Demokratlar tərəfindən dəstəkləndiyini iddia edib.
Bununla yanaşı, Trampın vəkillərinin 83 milyon dollarlıq ikinci təzminat qərarından da yaxın günlərdə ABŞ Ali Məhkəməsinə şikayət edəcəyi gözlənilir.

