Tehran ABŞ-ni enerji böhranı yaratmaqda günahlandırır
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ və sionist rejimin İrana qarşı həyata keçirdiyi hücumların regionda enerji marşrutlarının təhlükəsizliyini pozduğunu bildirib.
Bəqai Vaşinqtonun İranı “qlobal enerji bazarını sabitsizləşdirməkdə” ittiham etməsinə sərt reaksiya verərək bunu “müharibəni əsaslandırmaq üçün hazırlanmış növbəti böyük yalan” adlandırıb.
Onun sözlərinə görə, ABŞ və sionist rejim əvvəlcə böhran və müharibə yaradır, daha sonra isə özlərini “sabitlik və sülhün qoruyucusu” kimi təqdim etməyə çalışırlar.
“Diplomatik prosesləri ABŞ və sionist rejim məhv edib”
İran rəsmisi bildirib ki, bölgədə diplomatik həll yollarının sıradan çıxmasına səbəb məhz Vaşinqton və Təl-Əvivin hərbi siyasətidir.
Bəqai qeyd edib ki, “düşünülməmiş müharibə siyasəti” regional təhlükəsizliyi daha da zəiflədib və beynəlxalq enerji marşrutlarını risk altına salıb.
O əlavə edib ki, İran regionda sabitliyin qorunması üçün yeni təhlükəsizlik mexanizmləri üzərində işləyir.
Hörmüz boğazı üçün yeni mexanizm hazırlanır
Hörmüz boğazı ilə bağlı İranın yeni idarəetmə planı hazırladığı açıqlanıb.
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri İbrahim Əzizi bildirib ki, boğazda gəmi hərəkətinin idarə olunması üçün “peşəkar və yeni mexanizm” hazırlanıb.
Onun sözlərinə görə, yaxın vaxtlarda təqdim ediləcək sistem yalnız İranla əməkdaşlıq edən və ticarət fəaliyyəti göstərən gəmilər üçün tətbiq olunacaq.
Əzizi həmçinin qeyd edib ki, yeni mexanizm çərçivəsində göstərilən xüsusi xidmətlərə görə rüsum tətbiq ediləcək.
Avropa şirkətləri İranla danışıqlara başlayıb
İran dövlət televiziyası bəzi Avropa tərəflərinin artıq İslam İnqilabı Keşikçiləri Korpusu dəniz qüvvələri ilə danışıqlara başladığını bildirib.
Məlumata görə, Şərqi Asiya ölkələrinə məxsus gəmilərin bölgədən keçidindən sonra bir sıra Avropa şirkətləri də İranla koordinasiyaya maraq göstərib.
İran mediasının yaydığı açıqlamada Avropa gəmisinin heyəti İran hərbi dəniz qüvvələrinin tətbiq etdiyi təhlükəsizlik və naviqasiya qaydalarını yüksək qiymətləndirib.
