Tehran Vaşinqtona yeni xəbərdarlıq etdi
İslam Şura Məclisi sədrinin müavini Həmid Rza Hacı Babayi İran dövlət televiziyasına müsahibəsində bildirib ki, İran neftinə qarşı hər hansı hücum olacağı təqdirdə ABŞ bölgə neftinə çıxış əldə edə bilməyəcək.
Onun sözlərinə görə, belə vəziyyətdə yalnız ABŞ deyil, dünyanın digər ölkələri də uzun müddət region neftindən istifadə imkanını itirə bilər.
Hacı Babayi qeyd edib ki, Tehran Vaşinqtonun və ABŞ Prezidenti Donald Trampın atacağı addımlara qarşı hazırlıqlıdır və İran artıq əvvəlki dövrlərlə müqayisədə daha fərqli imkanlara malikdir.
“Hörmüz boğazı atom bombasından önəmlidir”
İranlı siyasətçi Hörmüz Boğazı ilə bağlı diqqətçəkən açıqlama verərək bildirib ki, bu boğaz İran üçün “atom bombasından daha vacibdir”.
O vurğulayıb ki, Hörmüz boğazı Tehran üçün yalnız enerji marşrutu deyil, həm də strateji güc vasitəsidir.
Hacı Babayi əlavə edib ki, İran bundan sonra ABŞ sanksiyalarını tətbiq edən və ya həmin məhdudiyyətlərə qoşulan tərəflərə qarşı oxşar addımlar atacaq.
İran: Yeni imkanlarımız var
İran rəhbərliyinə yaxın şəxslər son günlərdə Hörmüz boğazının əhəmiyyətini tez-tez gündəmə gətirirlər.
Qeyd olunub ki, İran regiondakı enerji və dəniz nəqliyyatı marşrutlarında nəzarət imkanlarını gücləndirib və yeni mexanizmlər hazırlayıb.
Daha əvvəl İran liderinin müşaviri Məhəmməd Müxbir də Hörmüz boğazını “atom bombasına bərabər strateji imkan” adlandırmışdı.
Bölgədə gərginlik artır
ABŞ-nin son aylarda Hörmüz boğazı ətrafında hərbi və iqtisadi təzyiqləri artırdığı bildirilir.
İran tərəfi Vaşinqtonu bölgədə enerji daşımalarını nəzarət altına almağa və İran neft ixracına mane olmağa çalışmaqda günahlandırır.
Rəsmi Tehran həmçinin ABŞ və İsrailin atəşkəs razılaşmalarını pozduğunu və regionda gərginliyi artırdığını bəyan edib.
