İran ABŞ və sionist rejimə sərt mesaj verdi
İran Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi sözçüsü briqada generalı Rza Təlai ABŞ Prezidenti Donald Tramp və sionist rejimin Baş naziri Benyamin Netanyahu barədə sərt açıqlamalar verib.
İranlı general bildirib ki, Vaşinqton və Təl-Əvivin siyasəti dünya xalqları arasında ciddi narazılıq yaradır və bu münasibət yalnız İrana məxsus deyil.
Onun sözlərinə görə, “təxribat və yalan siyasəti” bölgədə gərginliyi daha da artırır və artıq bunun nəticələri açıq şəkildə görünür.
“Ordumuz və xalqımız tam hazırlıqdadır”
Rza Təlai vurğulayıb ki, İran silahlı qüvvələri və ölkə əhalisi istənilən təhlükə və mümkün hücuma qarşı tam hazırlıq vəziyyətindədir.
O qeyd edib ki, Tehran hərbi və təhlükəsizlik sahəsində bütün ssenariləri nəzərə alaraq hazırlıqlarını davam etdirir.
İran rəsmisinin sözlərinə görə, ölkənin müdafiə imkanları əvvəlki dövrlərlə müqayisədə daha yüksək səviyyəyə çatdırılıb.
“Təkqütblü dünya sistemi dağılır”
İran rəsmisi çıxışında beynəlxalq proseslərə də toxunub.
O bildirib ki, ABŞ-nin qlobal nüfuzu zəifləyir və artıq bir çox dövlətlər dünyada yeni siyasi düzənin formalaşdığını qəbul edir.
General Təlai qeyd edib ki, çoxqütblü dünya modelinin güclənməsi regiondakı müqavimət qüvvələrinin təsiri ilə daha da sürətlənir.
Regionda gərginlik artır
İran tərəfi son aylarda ABŞ və sionist rejiminbölgədəki fəaliyyətlərini gərginliyin əsas səbəblərindən biri kimi qiymətləndirir.
Tehran hesab edir ki, davam edən hərbi və siyasi təzyiqlər regional təhlükəsizliyi daha da risk altına salır.
Rəsmi şəxslər isə İranın öz təhlükəsizliyini təmin etmək üçün bütün imkanlardan istifadə edəcəyini bildirirlər.
