“Nəsrullahın müəyyən etdiyi yolla davam edəcəyik”
Hizbullahın baş katibi Şeyx Nəim Qasim Həsən Nəsrullah və Haşim Səfiəddinin ölümünün ikinci ildönümü münasibətilə çıxış edib. O, təşkilatın Nəsrullahın müəyyən etdiyi siyasi və hərbi xətti davam etdirəcəyini açıqlayıb.
- “Nəsrullahın müəyyən etdiyi yolla davam edəcəyik”
- Səfiəddin və həlak olanlar yad edilib
- Şeyx Qasim: Müqavimət işğalçı İsrailin məqsədlərinə çatmasına mane oldu
- “Təslim olmaq Livanın sonu deməkdir”
- “Yeddi raund birbaşa danışıq sıfırdan da aşağı nəticə verdi”
- Birbaşa danışıqların dayandırılmasını istəyib
- Dövlətə bərpa və kompensasiya çağırışı
- İran və Fələstinlə bağlı mesaj
Qasim Nəsrullaha müraciətlə onun ideyalarının və müəyyən etdiyi istiqamətin təşkilat daxilində yaşadığını bildirib. Onun sözlərinə görə, Nəsrullah güclü təşkilat, silahlı müqavimət və geniş ictimai baza formalaşdırıb.
Hizbullah rəhbəri Fələstin məsələsinin təşkilat üçün əsas istiqamətlərdən biri olaraq qalacağını, eyni zamanda Livanın işğalçı İsrailin nəzarətində olan ərazilərinin geri qaytarılmasının prioritet olduğunu deyib.
Səfiəddin və həlak olanlar yad edilib
Şeyx Qasim Haşim Səfiəddinin Hizbullahdakı fəaliyyətindən də danışaraq onun uzun illər təşkilatın rəhbər strukturlarında çalışdığını bildirib.
O, həmçinin son qarşıdurmalar zamanı şəhid olan 3 400 nəfəri və yaralanan 14 600 nəfəri yad edib. Şeyx Qasim rabitə cihazlarının partladılması nəticəsində yaralanan şəxslərə də müraciət edib.
Şeyx Qasim: Müqavimət işğalçı İsrailin məqsədlərinə çatmasına mane oldu
Çıxışının əsas hissəsini sionist rejimlə qarşıdurmaya ayıran Şeyx Nəim Qasim Hizbullahın müqavimətinin sionist rejimin Livandakı hərbi məqsədlərinə çatmasına mane olduğunu qeyd edib.
Onun sözlərinə görə, sionist rejimin genişmiqyaslı hərbi qüvvələrinə və intensiv bombardmanlara baxmayaraq, Hizbullah döyüşçüləri Bint Cübeyl, Xiyam, Ayta əş-Şaab, Naqura, əl-Bəyada, Əli Tahir və digər istiqamətlərdə sionist rejim qüvvələrinin irəliləyişinə müqavimət göstəriblər.
Şeyx Qasim bildirib ki, təşkilatın hərbi strategiyası iki əsas istiqamət üzərində qurulub: imkan daxilində işğalçı İsrail qüvvələri ilə qarşıdurmaya girmək və onların Livan ərazisində möhkəmlənməsinin qarşısını almaq.
“Təslim olmaq Livanın sonu deməkdir”
Hizbullah rəhbəri əsas problemin müqavimətin mövcudluğu deyil, sionist rejimin hücumlarının davam etməsi olduğunu söyləyib.
Şeyx Qasim işğalçı İsrail qarşısında təslimiyyətin Livanın mövcud siyasi və ictimai quruluşu üçün ağır nəticələr yaradacağını qeyd edib.
“Ölkə hamımızındır. Razılığa gəlməli və 10 452 kvadratkilometrlik ərazimizin bir qarışından belə imtina etməməliyik”, – deyə o bildirib.
Onun sözlərinə görə, Livanın cənubu ölkənin təhlükəsizliyi və gələcəyi baxımından strateji əhəmiyyət daşıyır.
“Yeddi raund birbaşa danışıq sıfırdan da aşağı nəticə verdi”
Şeyx Nəim Qasim Livan hakimiyyətinin işğalçı İsraillə apardığı danışıqları da sərt tənqid edib.
O bildirib ki, tərəflər arasında yeddi raund birbaşa danışıq keçirilsə də, Hizbullahın qiymətləndirməsinə görə, proses Livan üçün heç bir müsbət nəticə verməyib.
“Bu danışıqların nəticəsi sıfır deyil, sıfırdan da aşağı oldu”, – Şeyx Qasim deyib.
Hizbullah rəhbəri Livan prezidentinin danışıqlar aparmaq hüququnun olduğunu qəbul etdiyini, lakin bu prosesin ölkə Konstitusiyasına, Taif razılaşmasına, prezidentin andına və hökumətin proqramına zidd olmamalı olduğunu vurğulayıb.
Birbaşa danışıqların dayandırılmasını istəyib
Şeyx Qasim işğalçı İsraillə birbaşa danışıqların dondurulmasını və prosesin dolayı danışıqlar formatında davam etdirilməsini təklif edib.
O, Hizbullahın daxili dialoqa hazır olduğunu da söyləyib. Silahların yalnız dövlətin nəzarətində olması məsələsinə toxunan Şeyx Qasim əvvəlcə işğalçı İsrail qüvvələrinin Livanın cənubundan çıxmalı və yerli əhali öz yaşayış yerlərinə qayıtmalıdır, bundan sonra silah məsələsi üzrə daxili müzakirələr aparılmalıdır fikrini səsləndirib.
Qasim Livan ordusunun Hizbullahın silahsızlaşdırılması üçün istifadə edilməsinə qarşı olduqlarını da açıqlayıb və ordunu milli institut adlandırıb.
Dövlətə bərpa və kompensasiya çağırışı
Müharibənin nəticələrinə toxunan Hizbullah rəhbəri Livan dövlətinin evlərini itirmiş insanların yerləşdirilməsi, kompensasiyaların ödənilməsi, dağıntıların bərpası və yaşayış məntəqələrinin yenidən qurulmasına görə məsuliyyət daşıdığını bildirib.
Qasim Hizbullahın da öz imkanları və ianələr hesabına bu prosesdə iştirak edəcəyini açıqlayıb. Onun sözlərinə görə, təşkilat yaxın zamanda yaşayışla təminat layihəsinə verəcəyi töhfənin təfərrüatlarını açıqlayacaq.
O, hökuməti iqtisadi vəziyyət, yaşayış xərclərinin artması, milli valyutanın zəifliyi, elektrik enerjisi problemi, xidmətlərin vəziyyəti və əmanətçilərin vəsaitləri ilə bağlı da tənqid edib.
İran və Fələstinlə bağlı mesaj
Çıxışının sonunda Şeyx Qasim İranın Hizbullaha verdiyi dəstəyi yüksək qiymətləndirib.
O, Fələstin məsələsinin təşkilatın siyasi xəttində əsas istiqamətlərdən biri olaraq qalacağını bildirib və fələstinlilərin öz torpaqları üzərində hüquqlarını müdafiə edib.
Hizbullah rəhbərinin çıxışının əsas mesajlarından biri təşkilatın mövcud siyasi və hərbi xəttindən geri çəkilməyəcəyi, İsrailin Livan ərazisindən tam çıxmasını tələb etməyə davam edəcəyi və silah məsələsini ölkədaxili dialoq çərçivəsində müzakirə etməyə hazır olduğu barədə mövqeyi olub.
