Rusiya Kiyevə Güclü Raket Zərbələri Endirdi

2 Dəq Oxuma Müddəti

Kiyev gecə boyu raket hücumuna məruz qalıb

Ukrayna rəsmilərinin məlumatına görə, Rusiya bazar günü səhər saatlarında Kiyevə son dövrlərin ən genişmiqyaslı ballistik raket hücumlarından birini həyata keçirib.

Bildirilib ki, hücum təxminən beş saat davam edib. Hadisə nəticəsində azı bir nəfər həlak olub, yeddi nəfər yaralanıb. Paytaxtın müxtəlif hissələrində yanğınlar baş verib və yaşayış binaları ilə digər tikililərə ziyan dəyib.

Onlarla ballistik raketin istifadə edildiyi bildirilir

Ukrayna tərəfi hücum zamanı paytaxt istiqamətində təxminən 40 ədəd “İsgəndər”“Zirkon” tipli ballistik və hipersəs raketlərinin buraxıldığını iddia edib.

Kiyev sakinləri gecə saat 01:30 radələrində hava həyəcanı siqnalı eşidiblər. Qısa müddət sonra hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti və ardıcıl partlayış səsləri qeydə alınıb.

Məlumata görə, səhər saat 06:30-da paytaxtda ikinci dəfə hava həyəcanı elan olunub və yeni raket zərbələri barədə məlumatlar yayılıb.

Yaşayış binalarında yanğınlar baş verib

Hücum nəticəsində Kiyevin mərkəzində yerləşən Şevçenkivski rayonunda üçmərtəbəli bina alovlanıb. Xilasedicilər binada köməksiz qalan bir neçə nəfəri xilas ediblər. Dağıntılar altından bir nəfərin meyiti çıxarılıb.

Bundan əlavə, paytaxtın daha dörd rayonunda yaşayış binalarına, inzibati obyektlərə və tələbə yataqxanasına ziyan dəydiyi, bir neçə ərazidə yanğınların baş verdiyi bildirilib.

Rəsmi məlumat: Bir nəfər ölüb, yeddi nəfər yaralanıb

Kiyev Şəhər Hərbi Administrasiyası ilkin məlumata əsasən hücum nəticəsində bir nəfərin həyatını itirdiyini açıqlayıb.

Kiyev meri Vitali Kliçko isə yeddi nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib.

Rusiya tərəfi isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş