10 Qolluq Futbol Möcüzəsi: İngiltərə Fransanı Darmadağın Edib Tarix Yazdı

3 Dəq Oxuma Müddəti

Tarixi qarşılaşmada 10 qol vuruldu

2026 FIFA Dünya Kubokunun üçüncülük uğrunda oyununda Avropanın iki nəhəngi – İngiltərə və Fransa üz-üzə gəlib. ABŞ-ın Mayami şəhərində yerləşən Hard Rok Stadionunda keçirilən qarşılaşma turnir tarixinin ən məhsuldar üçüncülük oyunu olub.

İngiltərə oyuna çox sürətli başlayıb. Declan Rays 3-cü dəqiqədə uzaq məsafədən fərqlənərək hesabı açıb. 19-cu dəqiqədə Ezri Konsa baş zərbəsi ilə üstünlüyü artırıb.

Bukayo Saka isə 37-ci və 45+1-ci dəqiqələrdə vurduğu qollarla ilk hissənin hesabını 4:0-a çatdırıb. Beləliklə, İngiltərə fasiləyə böyük üstünlüklə yollanıb.

Fransa möhtəşəm dönüşə çox yaxın oldu

Didye Deşam ikinci hissəyə dörd dəyişikliklə başlayıb və bu qərar dərhal nəticə verib.

Kilian Mbappe 48-ci dəqiqədə fərqi azaldıb. Altı dəqiqə sonra oyuna sonradan daxil olan Bredli Barkola hesabı 2:4 edib. 66-cı dəqiqədə yenidən fərqlənən Mbappe Fransa yığmasını oyuna qaytararaq hesabı 3:4-ə çatdırıb.

Fransa son dəqiqələrdə də hücumlarını davam etdirərək dramatik dönüş üçün ciddi təzyiq yaradıb.

Sakanın het-triki qələbəni təmin etdi

İngiltərə 85-ci dəqiqədə penalti qazanıb. 87-ci dəqiqədə zərbəni dəqiq yerinə yetirən Bukayo Saka het-trikini rəsmiləşdirərək hesabı 5:3 edib.

Fransa 90+6-cı dəqiqədə Usman Dembelenin qolu ilə yenidən fərqi minimuma endirib. Lakin 90+8-ci dəqiqədə Cud Bellinqem əks-hücumu dəqiq tamamlayaraq yekun hesabı – 6:4-ü müəyyənləşdirib.

Bu nəticə ilə İngiltərə tarixində ilk dəfə Dünya Kubokunun üçüncüsü olub və 60 ildən sonra mundialı medalla başa vurub.

Mbappe və Olise rekordlarla yadda qaldılar

Kilian Mbappe bu oyunda iki qol vuraraq turnirdəki qol sayını 10-a yüksəldib və bombardirlər yarışında liderliyini möhkəmləndirib. Bununla yanaşı, o, Dünya Kuboklarında keçirdiyi 22-ci oyunda 22-ci qolunu vuraraq bu göstəricidə Lionel Messini geridə qoyub.

Fransa millisinin yarımmüdafiəçisi Maykl Olise isə iki məhsuldar ötürmə ilə turnirdə assistlərinin sayını 7-yə çatdıraraq Dünya Kuboku tarixində bir turnirdə ən çox assist edən futbolçu rekordunu müəyyənləşdirib.

Deşam Fransa millisi ilə son oyununa çıxdı

Üçüncülük uğrunda qarşılaşma 2012-ci ildən Fransa millisini çalışdıran Didye Deşam üçün də son oyun olub. Məlumata görə, onun yerinə komandanın baş məşqçisi vəzifəsini Zinəddin Zidan icra edəcək.

Qarşılaşma həm 2026 Dünya Kubokunun ən məhsuldar oyunu, həm də mundial tarixinin ən çox qollu üçüncülük görüşü kimi futbol salnaməsinə düşüb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş