Qalibafdan Vaşinqton və İsraillə bağlı sərt mesaj
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf HƏMAS-ın Rəhbərlik Şurasının sədri Məhəmməd Dərvişi qəbul edib.
Görüş zamanı Qalibaf bildirib ki, diplomatiyanın əsas məqsədi meydanda əldə olunan nəticələri möhkəmləndirməkdir və bunun üçün ölkənin müdafiə qabiliyyəti ilə diplomatik fəaliyyət paralel şəkildə davam etdirilməlidir.
O, “Şəhid imamın qanının qisası Qüdsün azad edilməsidir” deyərək əlavə edib ki, İranın ABŞ ilə sülhü olmayacaq və Tehran İsraili tanımayacaq.
“Müqavimət cəbhəsinə dəstək davam edəcək”
Qalibaf bildirib ki, İran ali rəhbərliyin göstərişlərinə uyğun olaraq müsəlman xalqlara və müqavimət cəbhəsinə dəstəyini davam etdirəcək.
Onun sözlərinə görə, bu dəstək zərurət yaranarsa hərbi vasitələrlə, digər hallarda isə siyasi təzyiq və diplomatik danışıqlar yolu ilə göstərilə bilər.
“ABŞ və İsraillə danışıqlar təhlükəsizlik gətirmir”
İran parlamentinin sədri vurğulayıb ki, bir çox müsəlman ölkəsi artıq ABŞ və İsraillə əməkdaşlığın onlara təhlükəsizlik təmin etmədiyini anlayır.
Qalibaf əlavə edib ki, Tehran ABŞ-yə region ölkələrinin ərazi bütövlüyünün qorunmasının və İranın müttəfiqlərinə qarşı müharibələrin dayandırılmasının istənilən razılaşmanın tərkib hissəsi olmalı olduğunu çatdırıb.
Onun sözlərinə görə, tərəflər arasında imzalanmış anlaşma memorandumu hazırda icra mərhələsindədir və həyata keçirilməsi çətin olsa da, mümkündür.
HƏMAS: Razılaşma müqavimət üçün böyük uğurdur
HƏMAS-ın Rəhbərlik Şurasının sədri Məhəmməd Dərviş isə görüş zamanı İranla ABŞ arasında əldə olunmuş razılaşmanı müqavimət cəbhəsi üçün mühüm uğur kimi qiymətləndirib.
O bildirib ki, razılaşmanın hər bir bəndi İran üçün nailiyyət, ABŞ üçün isə məğlubiyyət hesab edilə bilər.
Vida mərasimində milyonlarla insan iştirak edir
Görüş şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimləri çərçivəsində baş tutub.
İran rəsmilərinin məlumatına görə, Tehranda keçirilən vida və dəfn mərasimlərində milyonlarla insan, eləcə də dünyanın müxtəlif ölkələrindən rəsmi nümayəndə heyətləri iştirak edir.

