Qətərdən Açıqlama: ABŞ Nümayəndələri Dohadadır, İranlı Rəsmilərlə Görüş Olmayacaq

2 Dəq Oxuma Müddəti

ABŞ nümayəndələri Dohadadır

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, ABŞ nümayəndələri Cared Kuşner və Stiv Uitkoff hazırda Dohadadırlar, lakin onların İran rəsmiləri ilə birbaşa görüşü planlaşdırılmayıb.

Onun sözlərinə görə, ABŞ nümayəndələri yalnız vasitəçilərlə görüşəcək və İran-ABŞ arasında aparılan danışıqların gedişini müzakirə edəcəklər.

6 milyard dollarlıq dondurulmuş aktivlər hələ köçürülməyib

Qətər XİN-in sözçüsü qeyd edib ki, İrana məxsus 6 milyard dollar həcmində dondurulmuş vəsait hələ də Tehrana köçürülməyib.

O vurğulayıb ki, bu vəsaitin azad olunması prosesi İran və ABŞ arasında aparılan danışıqların gedişindən birbaşa asılıdır.

Hörmüz boğazında gərginliklə bağlı koordinasiya

Sözçü əlavə edib ki, ötən həftə Hörmüz boğazında ABŞ və İran arasında baş verən qarşılıqlı atışmalar zamanı gərginliyi azaltmaq üçün təcili əlaqə mexanizmindən istifadə olunub.

Onun sözlərinə görə, Qətər Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması məsələsində Omanla sıx koordinasiya aparır və beynəlxalq gəmiçiliyin sərbəst hərəkətini vacib hesab edir.

İran: Dondurulmuş aktivlər əsas gündəmdədir

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai də bildirib ki, Tehran bu gün vasitəçi qismində çıxış edən Qətərlə görüş keçirəcək.

Onun sözlərinə görə, görüşdə əsas müzakirə mövzularından biri İrana məxsus dondurulmuş maliyyə aktivlərinin azad olunması olacaq.

Bəqai eyni zamanda yaxın günlərdə ABŞ nümayəndələri ilə hər hansı birbaşa görüşün planlaşdırılmadığını vurğulayıb.

“Hörmüz boğazı İranın məsuliyyətidir”

İsmayıl Bəqai Hörmüz boğazında mina təmizləmə işlərinin tam şəkildə İranın məsuliyyətində olduğunu bildirib.

“Bu məsələyə başqa tərəflərin müdaxiləsinə ehtiyac yoxdur”, – deyə o qeyd edib.

İran parlamentindən mesaj

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi isə Hörmüz boğazının İranın milli suverenliyinin ayrılmaz hissəsi olduğunu bəyan edib.

O bildirib ki, boğazın idarə olunması tam şəkildə İran İslam Respublikasının səlahiyyətindədir.

Əzizi həmçinin İsrailin Cənubi Livandan çıxmasını tələb edərək vurğulayıb ki, Livanın təhlükəsizliyi müqavimət qüvvələrinin tərksilah olunması ilə deyil, işğalın və hücumların dayandırılması ilə təmin edilə bilər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş