Tehran: Cavab qaçılmazdır
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zülqədr İsrailin Beyruta son hücumuna münasibət bildirərək cavabın veriləcəyini açıqlayıb.
O, sosial şəbəkədə paylaşdığı mesajda “cavab gələcək” ifadəsini işlədib və bunu “verilən vədin yerinə yetirilməsi” kimi xarakterizə edib. Zülqədr bildirib ki, regiondakı müqavimət qüvvələri arasında formalaşan əməkdaşlıq təhlükəsizlik baxımından vahid müdafiə zənciri yaradıb.
“Livan ruhumuzdur”
İran rəsmisi Livanın Tehran üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, “Livan ruhumuzdur və İran İslam Respublikasının qırmızı xətlərinin pozulmasına icazə verilməyəcək”.
Onun sözlərinə görə, regiondakı hadisələr ayrı-ayrı deyil, vahid təhlükəsizlik və müqavimət konsepsiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
Qalibaf: Müqaviməti təkləyə bilməyəcəklər
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf da hadisələrlə bağlı sərt bəyanat verib.
O bildirib ki, müqavimət cəbhəsinin heç bir hissəsini təcrid etmək mümkün olmayacaq və Livanın suverenliyi ilə ərazi bütövlüyünün qorunması üçün həm müqavimət qüvvələrinin fəaliyyəti, həm də İran diplomatiyasının səyləri davam edir.
“İsrailin müharibə siyasəti sona çatacaq”
Qalibafın sözlərinə görə, Livandakı müqavimət qüvvələrinin fəaliyyəti və İranın diplomatik təşəbbüsləri nəticəsində İsrailin bölgədəki hərbi siyasəti uğursuzluğa düçar olacaq.
O, hadisələrin inkişafının yaxın günlərdə daha aydın görünəcəyini qeyd edib.
“Livanın müdafiəsində güzəşt olmayacaq”
İran rəhbərliyinin müşaviri Məhəmməd Müxbir isə ABŞ və İsrailin paralel şəkildə həm diplomatiya, həm də hərbi təzyiq siyasəti yürütməsini qəbuledilməz adlandırıb.
Müxbir bildirib ki, nə ABŞ-nin diplomatik mesajlarına etibar etmək olar, nə də İsrailin hərbi əməliyyatlarına göz yummaq mümkündür.
Sərt xəbərdarlıq
O vurğulayıb ki, İran Livanın müdafiəsi məsələsində heç bir güzəştə getməyəcək və qırmızı xətləri aşan tərəflər peşman olacaq.
Qaani: Hizbullahın qələbəsi yaxındır
İranın “Qüds” qüvvələrinin komandanı, briqada generalı İsmayıl Qaani də məsələyə münasibət bildirib.
Onun sözlərinə görə, Livanın müstəqilliyi və mövqeyi Hizbullahın illərlə verdiyi qurbanlar nəticəsində formalaşıb. Qaani hesab edir ki, Hizbullahın İsrail üzərində növbəti uğuru uzaqda deyil.
Hücum danışıqlara kölgə saldı
Bu açıqlamalar İsrailin Beyrutun cənub ətrafında yaşayış binasına endirdiyi zərbədən sonra səsləndirilib. Hücum nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Hadisə İran ilə ABŞ arasında mümkün anlaşma ilə bağlı danışıqların davam etdiyi bir vaxtda baş verib. İran rəsmiləri dəfələrlə vurğulayıblar ki, Livandakı müharibənin dayandırılması Tehran üçün əsas şərtlərdən biridir.
Tramp: Beyrut hücumu baş verməməli idi
ABŞ Prezidenti Donald Tramp isə İsrailin Beyruta hücumunu tənqid edərək bunun baş verməməli olduğunu bildirib.
Onun sözlərinə görə, tərəflər İranla mümkün razılaşmaya yaxınlaşdığı bir vaxtda belə addımlar vəziyyəti daha da mürəkkəbləşdirir. Tramp İsraili və digər tərəfləri yeni hərbi əməliyyatlardan çəkinməyə çağırıb.

