Bennett Netanyahunu sərt tənqid edib
Sionist rejimin sabiq baş naziri Naftali Bennett amerikalı yayımçı və bloqer Mario Navfala verdiyi müsahibədə ölkənin daxili siyasi vəziyyəti, eləcə də Qəzza və Livan sərhədində davam edən hərbi qarşıdurmalarla bağlı fikirlərini bölüşüb.
Bennettin sözlərinə görə, Baş nazir Benyamin Netanyahu artıq hökuməti üzərində əvvəlki nəzarətini itirib və koalisiya tərəfdaşlarının təzyiqi altında qərar verməyə məcbur qalır.
O bildirib ki, ifrat sağçı nazirlər İtamar Ben-Qvir və Bezalel Smotriç, həmçinin ultraortodoks siyasi partiyalar müxtəlif istiqamətlərdə hökumətə təsir göstərirlər. Bennett hesab edir ki, Netanyahu hakimiyyətdə qalmaq üçün bu siyasi qüvvələrin dəstəyinə ehtiyac duyduğundan onların tələblərinə qarşı çıxmaq imkanını itirib.
“Hökumət radikal qüvvələrin təsiri altındadır”
Naftali Bennett mövcud hökumətin radikal mövqeli siyasətçilərin təsiri altında fəaliyyət göstərdiyini iddia edib.
Onun sözlərinə görə, özünün rəhbərlik etdiyi hökumətdə bu cür açıqlamalar verən siyasətçilərə yer verilməzdi. Bennett qeyd edib ki, əgər hər hansı nazir məsuliyyətsiz bəyanatlar səsləndirsəydi, dərhal ona xəbərdarlıq edilər və davranışına müdaxilə olunardı.
Sabiq baş nazir bildirib ki, Netanyahu isə siyasi mövqeyini qorumaq üçün belə addımlar ata bilmir və bu vəziyyət hökumətin idarəetmə imkanlarını zəiflədir.
İşğalçı İsrailin beynəlxalq nüfuzu ilə bağlı narahatlıq
Bennett İsrailin beynəlxalq aləmdə üzləşdiyi nüfuz problemlərinə də toxunub. O bildirib ki, ölkənin diplomatik təcrid vəziyyətinin əsas səbəbi xarici təbliğat deyil, hökumətin həyata keçirdiyi siyasətdir.
Onun fikrincə, beynəlxalq ictimaiyyətin reaksiyası İsrailin son dövrlərdə atdığı addımlarla bağlıdır. Bennett əlavə edib ki, ölkənin əsas problemlərindən biri artıq yalnız xarici təhlükələr deyil, həm də daxildə radikal yanaşmaların qərarvermə prosesinə təsiridir.
Uzunmüddətli müharibələrin əleyhinə olduğunu bildirib
Naftali Bennett Fələstin dövlətinin yaradılmasına qarşı olduğunu, HƏMAS-ın məhv edilməsini, Hizbullahın isə silahsızlaşdırılmasını dəstəklədiyini bildirib. O, İranı hələ də İsrail üçün əsas strateji təhlükə hesab etdiyini vurğulayıb.
Bununla yanaşı, Bennett uzunmüddətli hərbi əməliyyatların ölkənin maraqlarına uyğun olmadığını qeyd edib. Onun sözlərinə görə, Qəzza, Livan və İranın dəstəklədiyi qüvvələrə qarşı aparılan müharibələrin uzanması İsrailin ənənəvi hərbi doktrinasına ziddir.
Sabiq baş nazir hesab edir ki, hərbi əməliyyatlar zəruri olduqda qısa müddətdə və yüksək intensivliklə həyata keçirilməli, məqsədə nail olunduqdan sonra bölgədə sabitlik bərpa edilməlidir. Əks halda, uzun sürən müharibələr ölkə iqtisadiyyatını zəiflədir, ehtiyatda olan hərbçilərin üzərinə düşən yükü artırır və cəmiyyətə mənfi təsir göstərir.
Regional münasibətlərin bərpasına çağırış
Bennett bildirib ki, İsrail region ölkələri ilə münasibətlərin bərpasına yönəlmiş daha praqmatik siyasət yürütməlidir. Onun fikrincə, hökumətdə ilhaq və daimi qarşıdurma ritorikasını ön plana çıxaran siyasətçilərin təsirinin azalması vacibdir.
O qeyd edib ki, Misir, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrlə münasibətlərin gücləndirilməsi, eləcə də davam edən münaqişələrin sona çatdırılması üçün daha uzaqgörən və balanslı siyasi yanaşmaya malik hökumətə ehtiyac var.

