İsrail Mərkəzi Statistika Bürosunun (CBS) məlumatlarına əsasən, İsrail əhalisinin 21 faizini ərəblər təşkil edir. Ərəb vətəndaşların 80 faizindən çoxu sünni müsəlmandır. Negev səhrası bölgəsində yaşayan yarımköçəri və ya oturaq həyat tərzi sürən bədəvilər də bu qrupa daxildir.
Nazaret, Hayfa və Cəlil bölgələrində cəmləşən katolik, yunan pravoslav və maruni kimi müxtəlif məzhəblərə mənsub xristianlar da ərəb fələstinli vətəndaşlardır.
Şərqi Qüdsdə yaşayan müsəlman və xristian ərəb fələstinlilərin böyük əksəriyyəti İsrail vətəndaşı deyil, “daimi yaşayış icazəsi olan şəxs” statusuna malikdir.
İsrailin şimalındakı Cəlil və Karmel dağı ətrafındakı kəndlərdə yaşayan ərəb dürzilər ümumi ərəb əhalisinin 1,6 faizini təşkil edir. Onlar İsrail ordusunda, kəşfiyyatında və mülki həyatda fəal iştirak edən bir icmadır.
İsraildəki digər ərəb qruplarından fərqli olaraq, dürzi kişilər üçün İsrail ordusunda hərbi xidmət məcburidir. Onlar dövlət qurumlarında da fəal vəzifələr tuturlar.
İşğal altındakı Colan təpələrində yerləşən beş dürzi kəndinin sakinlərinin əksəriyyəti isə İsrail vətəndaşlığını qəbul etməyərək daimi yaşayış statusunu qoruyub saxlayıb.
Lakin Əhməd əş-Şəranın Dəməşqdə hakimiyyətə gətirilməsindən sonra Suriyada ələvilərə və dürzilərə qarşı törədilən qətliamlar səbəbindən Colan dürzilərinin İsrail vətəndaşlığını qəbul etməyə razı olduqları görünür.
Çərkəzlər XIX əsrin sonlarında Osmanlı imperiyası dövründə Qafqazdan köçərək İsrailin şimalındakı Kfar Kama və Rehaniya kəndlərində məskunlaşmış sünni müsəlman icmasıdır.
Onların sayı bir neçə min nəfərdir. Öz dillərini və mədəniyyətlərini qoruyub saxlayırlar. Dürzilər kimi çərkəz kişilər də məcburi hərbi xidmətə cəlb olunurlar.
İsrail statistikasında əhalinin təxminən 5 faizi “Digərləri” kateqoriyası altında birləşdirilir.
Keçmiş Sovet İttifaqı ölkələrindən “Qayıdış Qanunu” çərçivəsində İsrailə gələn, lakin yəhudi dini hüququna (Halaxa) görə yəhudi hesab edilməyən şəxslərin ailə üzvləri və həyat yoldaşları da vətəndaşlıq hüququna malikdirlər. Məsələn, yalnız atası və ya babası yəhudi olan şəxslər bu qrupa daxildir.
Ermənilər və assuriyalılar xüsusilə Qüdsün İçərişəhər hissəsindəki Erməni məhəlləsində, eləcə də Hayfa və Yafada yaşayan qədim xristian icmalarıdır.
Holon şəhərində qədim ivrit dilinə əsaslanan özünəməxsus dini inancı yaşadan bir neçə yüz nəfərlik tarixi icma da mövcuddur.
Bəhailərin dünya mərkəzləri Hayfa və Akkada yerləşsə də, buradakı bəhailərin böyük əksəriyyəti daimi vətəndaş deyil, dini mərkəzlərdə fəaliyyət göstərən müvəqqəti könüllülərdir.
Rəsmi statistikada yer almayan bir icma
Bu “digərləri” arasında İsrail Mərkəzi Statistika Bürosunun statistikalarında belə ayrıca göstərilməyən, İsrail vətəndaşı olan bir icma mövcuddur: ərəb ələviləri.
Uzun illər Suriyada yaşamışıq. Türkiyədə, Almaniyada, Amerikada, Livanda və Suriyada ərəb ələvilərinin mövcudluğundan xəbərdar olmuşuq. Lakin İsraildə də ələvilərin yaşadığını yaxın vaxtlarda öyrəndik.
İsrail–Livan sərhəd xəttində, Colan bölgəsində yerləşən Ğacar (Qacar) ələvi kəndinin təxminən 3 min nəfər əhalisi var.
1967-ci il iyunun 4-də İsrail Suriyaya məxsus Colan təpələrini işğal etdi. Ğacar kəndinin ələvi sakinləri isə öz kəndlərində qaldılar.
1981-ci ildə İsrail Colan təpələrini ilhaq etdi. Ğacar sakinləri İsrail şəxsiyyət vəsiqələrini və vətəndaşlığını qəbul etdilər.
İsrailin 2000-ci ildə Livandan çəkilməsi zamanı BMT-nin müəyyən etdiyi “Mavi xətt” sərhədi kəndin ortasından keçirildi. Beləliklə, kəndin şimal və cənub hissələri Livan və İsrail tərəflərində qaldı.
Hazırda ələvi kəndinin tamamı İsrailin nəzarətindədir.
Ğacar sakinləri İsrail vətəndaşlığını qəbul etsələr də, Suriyaya tarixi bağlılıqlarından imtina etməyiblər.
İsrailli akademiklərin araşdırmaları və kənd sakinləri ilə aparılan müsahibələr göstərir ki, bu ələvi icması Suriyaya və öz kəndinə güclü mənəvi bağlılıq hiss edir.
İsrail vətəndaşı olmalarına baxmayaraq, hərbi xidmət keçmir və dövlət qurumlarında vəzifə tutmurlar.
Təxminən 60 ildir diqqətdən və münaqişələrdən uzaqda yaşayan, hətta mövcudluqları belə yaxın vaxtlarda geniş ictimaiyyətə məlum olan İsrail vətəndaşı ələvilər indi yeni bir dövrə qədəm qoyublar.
Suriyada baş verən dəyişikliklər və Suriya ələvilərinin gələcəyinin necə olacağı barədə sualların cavabsız qaldığı bir vaxtda bu icma yerli, regional və beynəlxalq diqqət mərkəzinə çevrilib.
Ələvilər üzərindən qurulan hesablar
Əsəd hakimiyyətinin devrilməsindən sonra Suriyadakı azlıqların ciddi təhlükəsizlik narahatlığı yaşadığı doğrudur.
Əsəddən sonrakı dövrdə xüsusilə Beyrutda doğulmuş, ana dili ərəb dili olan və ərəb mediasında tez-tez çıxış edən İsrail vətəndaşı Edi Kohenin ələvilərlə xüsusi maraqlandığının şahidi oluruq.
2026-cı ildən etibarən o, İsrail mərkəzli bir təşəbbüs tərəfindən “Suriya üzrə İnsan Hüquqları Xüsusi Nümayəndəsi” təyin edilib.
Kohen Təl-Əvivdə “Suriya azlıqları”, qadın hüquqları və xüsusilə ələvilərlə bağlı xüsusi iclaslar, panellər və beynəlxalq konfranslar təşkil edir.
Əhməd əş-Şəra hakimiyyəti dövründə, xüsusilə 2025-ci ilin martında Lazkiyə və sahilyanı bölgələrdə ələvi mülki şəxslərə qarşı ağır qisas hücumları və edamlar həyata keçirilib.
Bu hadisələr ələvi icmasında dərin qorxu və təcrid olunma hissi yaradıb.
Lakin İsrailin dürzilərə verdiyi dəstəyi Suriyanın sahilyanı bölgələrində — Lazkiyə və Tartusda yaşayan ələvilərə də göstərəcəyi və burada üsyan başladacağı barədə ssenarilər geosiyasi reallıqlarla uyğun gəlmir.
Çünki dürzilər birbaşa İsrail sərhədində, Colan təpələri və Süveyda xəttində yaşayırlar. Ələvilərin sıx məskunlaşdığı sahilyanı bölgə isə İsraildən yüzlərlə kilometr uzaqda, Livan və Türkiyə sərhədlərinə yaxın ərazidə yerləşir.
İsrailin bu bölgəyə birbaşa quru yolu ilə və ya logistik dəstək göstərməsi coğrafi baxımdan olduqca çətindir.
İsrail siyasətində və ordusunda güclü lobbiyə malik 140 min nəfərlik dürzi icması ilə müqayisədə, İsraildə yaşayan ələvilərin hökumət siyasətinə təsir göstərə biləcək siyasi və ya hərbi çəkisi yoxdur.
Bundan əlavə, Suriyanın şimal-qərbi və sahilyanı bölgələri Türkiyənin milli təhlükəsizlik maraqları çərçivəsində olan, eyni zamanda Rusiyanın hərbi dəniz və hava bazalarının yerləşdiyi ərazilərdir.
İsrailin bu bölgədə açıq şəkildə vəkalət müharibəsi aparması və ya üsyan təşkil etməsi birbaşa regional güclərlə qarşı-qarşıya gəlməsi deməkdir.
Halbuki Təl-Əvivin əsas prioriteti şimal sərhədindəki Colan bufer zonasını və Suriyanın İordaniyaya açılan cənub qapısını — Süveyda və Dəra bölgələrini nəzarətdə saxlamaqdır.
Bununla belə, əgər təzyiqlər davamlı xarakter alarsa və insanların həyat təhlükəsizliyi aradan qalxarsa, ələvilərin İsraildən uzadılan əli geri çevirməməsi tamamilə anlaşılan və insani bir reaksiya olar.
Lakin Yaxın Şərq siyasətinin acı həqiqəti budur: böyük güclər uzaq coğrafiyalarda yaşayan azlıqlardan çox vaxt onları xilas etmək üçün deyil, mərkəzi hökumətləri zəiflətmək məqsədilə bir “kart” kimi istifadə edirlər.
Ələvi icmasının nüfuzlu şəxslərinin qarşısında duran ən böyük dilemma da məhz budur.
Onlar uzadılan əlin həqiqi xilas yolu, yoxsa özlərini daha böyük bir alovun içinə atacaq müvəqqəti siyasi gediş olduğuna qərar verməlidirlər.
Bunun ən bariz nümunəsi Livan şiələridir.
Onlar öz ölkələrində “özgə”, “qızıldərili”, “fəllah” — yəni əkinçi və kəndli kimi aşağılanıblar.
Livan şiələrinin tarixi dərsi
Tarixin ən diqqətçəkən və ibrətamiz nümunələrindən biri 1982-ci ildə Livanda yaşandı.
İsrail ordusu Cənubi Livana daxil olduqda, cənubda yaşayan şiələr İsrail əsgərlərini “düyü və çiçəklərlə” qarşıladılar.
Bu hadisə Yaxın Şərqdə təzyiqə məruz qalan azlıqların psixologiyasının və xarici güclərlə qurulan müvəqqəti ittifaqların necə əks nəticə verə biləcəyinin ən konkret tarixi nümunələrindən biridir.
Bu tarixi dönüş nöqtəsinin Suriyadakı bugünkü vəziyyətlə necə üst-üstə düşdüyünü izah edək.
1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində Cənubi Livan şiələri Livan dövlətinin diqqətsizliyinə məruz qalmış yoxsul bir xalq idi.
Bölgədə faktiki nəzarəti əlində saxlayan Fələstin Azadlıq Təşkilatının (FAT) silahlılarının İsrailə qarşı həyata keçirdiyi hücumlar səbəbindən İsrail Cənubi Livan kəndlərini davamlı bombardman edirdi.
Şiələr həm FAT-ın yerli əhaliyə göstərdiyi təzyiqlərdən, həm də İsrail bombardmanlarından bezmişdilər.
İsrail 1982-ci ildə “Cəliləyə sülh” əməliyyatı ilə Cənubi Livana daxil olub Fələstin Azadlıq Təşkilatını bölgədən çıxardıqda, şiə kəndlilər bunu bir xilas kimi qəbul etdilər.
Onlar İsrail əsgərlərini ənənəvi qonaqpərvərlik əlaməti olaraq üzərlərinə düyü və çiçək səpərək qarşıladılar.
Lakin İsrail ordusu FAT-ı bölgədən çıxardıqdan sonra geri çəkilmək əvəzinə, burada daimi işğal rejimi qurmağa başladı.
Yerli əhaliyə qarşı həbslər, kəndlərə basqınlar və alçaldıcı davranışlar başladı.
1983-cü ildə Nəbatiyyə şəhərində şiələrin ən müqəddəs matəm günü olan Aşura mərasimləri zamanı İsrail hərbi karvanı izdihamın arasına daxil oldu və baş verən hadisələr nəticəsində mülki şəxslər öldürüldü.
Həmin gün çiçəklərin yerini daşlar, daşların yerini isə qısa müddət sonra silahlar aldı.
Bu mübarizənin nəticəsində İsrail ordusu 2000-ci ildə Livandan çıxarıldı.
Bu tarixi müqayisə Suriyanın sahilyanı bölgələrində yaşayan ələvilər, Dəməşq rəhbərliyi və bu gün Suriyada təsirli aktorlardan biri olan Türkiyə üçün ən böyük tarixi dərsdir.
