İrandan Sərt Xəbərdarlıq: Nəticələrinə Qatlaşacaqsınız!

2 Dəq Oxuma Müddəti

İran təcavüzə qoşulan ölkələrə xəbərdarlıq edib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, İrana qarşı təcavüz aktlarında və ya qeyri-insani iqtisadi terror tədbirlərində birbaşa, yaxud dolayı iştirak düşmənçilik və qanunsuz əməl hesab olunacaq.

Onun sözlərinə görə, bu cür iştirak ABŞ-nin İrana qarşı təcavüzünə qoşulmaqla eyni səviyyədə qiymətləndiriləcək.

Hərbi qüvvələrin yerləşdirilməsi də təcavüzdə iştirak sayılacaq

Bəqayi açıqlayıb ki, bu xəbərdarlıq hərbi dəniz qüvvələrinin, hərbi və maddi-texniki avadanlıqların, eləcə də şəxsi heyətin yerləşdirilməsinə də aiddir.

İran rəsmisi vurğulayıb ki, belə addımlar Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndini pozur.

O, həmin fəaliyyətlərin BMT Baş Assambleyasının 3314 saylı qətnaməsində göstərilən “təcavüz aktı” anlayışına uyğun gəldiyini bildirib.

Bəqayi istənilən formada bu fəaliyyətlərə qoşulan dövlətlərin yaranacaq nəticələrə görə tam məsuliyyət daşıyacağını vurğulayıb.

“Dənizçilik azadlığının qorunması” bəhanə ola bilməz

İran Xarici İşlər Nazirliyinin sözçüsü X sosial şəbəkəsində paylaşdığı açıqlamada bəzi dövlətlərin hərəkətlərini əsaslandırmaq üçün istifadə edə biləcəyi ifadələrə də münasibət bildirib.

Bəqayi beynəlxalq hüquqa istinad edib

Bəqayi qeyd edib ki, “dənizçilik azadlığının qorunması” və ya “dəniz quldurluğuna qarşı mübarizə” kimi şüarlar həmin fəaliyyətlərin qanunsuz və düşmənçilik xarakterini dəyişmir.

O bildirib ki, ABŞ ilə bağlanmış ikitərəfli sazişlər və ya götürülmüş öhdəliklər dövlətlərin beynəlxalq hüquq çərçivəsindəki öhdəliklərini pozmasına hüquqi əsas yarada bilməz.

Bəqayinin sözlərinə görə, bu cür razılaşmalar ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzündə iştirak etməyə də hüquqi bəraət qazandıra bilməz.

İran rəsmisi Koreya atalar sözünü xatırladıb

Bəqayi paylaşımına Koreya atalar sözü ilə başlayıb:

“Leyləyin arxasınca uçmağa çalışan sərçənin axırda ayaqları sınar”.

İran Silahlı Qüvvələrindən ABŞ və İsrailə xəbərdarlıq

Bununla əlaqədar İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı general-mayor Əli Abdullahi də açıqlama verib.

O bildirib ki, İran Silahlı Qüvvələri İslam Respublikasına qarşı təhdidlərin mənbələrini hədəfə almağa imkan verən hərbi imkanlara malikdir.

“Əvvəlki zərbələr yalnız başlanğıc idi”

General-mayor Abdullahi ABŞ və İsraili yeni hesablama səhvinə yol verməməyə çağırıb.

O, xəbərdarlığında bildirib:

“Əvvəlki zərbələr yalnız başlanğıc idi. İstənilən yeni hesablama səhvinə daha dağıdıcı zərbələrlə cavab veriləcək”.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş