İranda Məscidlərin Günbəzlərinə Qırmızı İntiqam Bayrağı Qaldırılır

4 Dəq Oxuma Müddəti

İranda məscidlərdə qırmızı bayraq dalğalanacaq

İranda Dünya Məscidlər Günü ilə əlaqədar ölkə miqyasında diqqətçəkən tədbirə hazırlıq görülür. Tehran Əyaləti Məscid İşlərinə Qayğı Mərkəzinin mədəni və sosial məsələlər üzrə sədr müavini Höccətül-İslam Həmidrza Danayi bildirib ki, şəhid liderin qanının intiqamını simvolizə edən qırmızı “Ya Ləsarat əl-Hüseyn” bayrağı ölkə üzrə məscidlərin üzərinə qaldırılacaq.

Danayi avqustun 21-də qeyd olunan Dünya Məscidlər Günü ilə bağlı hazırlanan proqramlardan danışaraq bildirib ki, bu tarix hər il İranın müxtəlif bölgələrində xüsusi tədbirlərlə qeyd edilir.

Onun sözlərinə görə, Dünya Məscidlər Gününün Əl-Əqsa məscidinin yandırıldığı tarixlə bağlı olması səbəbindən ölkə üzrə məscidlərdə camaat imamlarının rəhbərliyi altında müxtəlif tədbirlər keçirilir.

Bu il tədbirlər fərqli məzmun daşıyacaq

Danayi bildirib ki, Tehran əyalətində əvvəlki illərdə Dünya Məscidlər Günü münasibətilə camaat imamlarının iştirakı ilə konfranslar təşkil olunub. Bu toplantılarda yüksək vəzifəli dövlət rəsmiləri də iştirak edib, məscid imamlarının qarşısında duran vəzifələr və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

Lakin bu il keçiriləcək tədbirlərin son aylarda baş verən hadisələr səbəbindən əvvəlkilərdən fərqlənəcəyi açıqlanıb.

İran rəsmisinin sözlərinə görə, son aylarda İnqilab rəhbərinin şəhid olması və bunun ardınca ölkə daxilində baş verən ictimai səfərbərlik məscidlərin fəaliyyətində də yeni mərhələ yaradıb.

Danayi bildirib ki, hazırda Tehran əyalətində 125 məscid meydanlarda təşkil edilən tədbirlərin əsas mərkəzləri kimi fəaliyyət göstərir. Həmin məscidlərin imamları camaatla birlikdə küçə və meydanlarda keçirilən toplantılarda iştirak edirlər.

Onun sözlərinə görə, bu məscidlər 170-dən artıq gecədir küçə və meydanlardakı tədbirlərin təşkilində aparıcı rol oynayır.

Əsas şüar: “Məscid müqavimət və intiqam qərargahıdır”

Tehran Əyaləti Məscid İşlərinə Qayğı Mərkəzinin rəsmisi bildirib ki, builki Dünya Məscidlər Gününün əsas şüarı “Məscid müqavimət və intiqam qərargahıdır” olacaq.

Danayinin sözlərinə görə, son dövrdə küçə və meydanlarda keçirilən kütləvi toplantılarda məscidlərin rolunun artması nəzərə alınaraq, Dünya Məscidlər Günü tədbirlərinin də yalnız məscid binaları ilə məhdudlaşdırılmaması qərara alınıb.

Bu çərçivədə avqustun 20-də səhər saat 08:30-dan etibarən Tehranın Fələstin meydanında və İmam Sadiq məscidinin qarşısında böyük toplantının keçirilməsi planlaşdırılır.

Tədbirdə camaat imamları, qadınlar, Bəsic üzvləri, məscid əməkdaşları, din alimləri, eləcə də İranın hərbi və mülki qurumlarının nümayəndələrinin iştirak edəcəyi bildirilib.

Qırmızı bayraq intiqamın rəmzi kimi təqdim ediləcək

Danayi açıqlayıb ki, tədbir iştirakçıları intiqam rəmzi hesab edilən qırmızı “Ya Ləsarat əl-Hüseyn” bayraqları ilə meydana çıxacaqlar.

Əsas diqqətçəkən qərar isə bu bayraqların yalnız Tehranla məhdudlaşmayaraq İranın bütün bölgələrində məscidlərin üzərinə qaldırılmasıdır.

Rəsminin sözlərinə görə, Dünya Məscidlər Günü və ümmət liderinin şəhadəti münasibətilə qırmızı bayraqların ölkə üzrə bütün məscidlərin üzərinə qaldırılması planlaşdırılır. Bunun rəmzi mərasimi isə Tehrandakı İmam Sadiq məscidində keçiriləcək və qırmızı bayraq məscidin günbəzinə yerləşdiriləcək.

Tədbirlər yüzlərlə şəhər və rayonu əhatə edəcək

İran rəsmisi bildirib ki, tədbirlərin əsas məqsədlərindən biri küçə və meydanlarda keçirilən toplantıların davam etdirilməsinin vacibliyini ictimaiyyətə çatdırmaqdır. Məscidlər isə bu toplantıların təşkilində əsas mərkəz kimi nəzərdə tutulur.

Plana əsasən, Dünya Məscidlər Günü ilə bağlı toplantılar avqustun 20-si və 21-də İranın əyalət mərkəzlərində, eləcə də ölkənin 450 rayonunda eyni vaxtda təşkil ediləcək.

Tədbirlərin ən mühüm rəmzlərindən biri məscidlərin günbəzləri üzərində dalğalanacaq qırmızı “Ya Ləsarat əl-Hüseyn” bayrağı olacaq. İran rəsmilərinin açıqlamasına görə, bayraq şəhid liderin qanının intiqamı və müqavimətin davam etdirilməsi mesajını ifadə edəcək.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş