İran ordusundan yeni hücum iddiası
İran ordusu yaydığı bəyanatda Bəhreyndə yerləşən ABŞ-yə məxsus Şeyx İsa aviabazasındakı hərbi obyektlərin pilotsuz uçuş aparatları ilə hədəfə alındığını bildirib.
Bəyanata görə, hücum zamanı bazanın elektrik generatorları, naviqasiya sistemi və inzibati binaları vurulub.
“ABŞ bazasına ciddi ziyan dəyib”
İran ordusu hücum nəticəsində ABŞ qüvvələrinin istifadə etdiyi avadanlıqlara və hərbi infrastrukturuna ciddi zərər dəydiyini iddia edib.
Açıqlamada bildirilib ki, çoxqatlı hava hücumundan müdafiə sistemlərinə baxmayaraq, əməliyyat uğurla həyata keçirilib və bazanın döyüş qabiliyyətinə ciddi zərbə vurulub.
Küveytdən sonra növbəti hədəf
İran tərəfi qeyd edib ki, bu hücum ABŞ-nin İrana qarşı davam edən hərbi əməliyyatlarına cavab xarakteri daşıyır.
Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu Küveytdə yerləşən ABŞ-nin Əli əs-Salim aviabazasının da hədəfə alındığını və bazadakı pilotsuz uçuş aparatlarının saxlanıldığı anqarlar, eləcə də yanacaq anbarının vurulduğunu açıqlamışdı.
Gərginlik davam edir
İran ABŞ-ni İslamabad Memorandumunu pozaraq ölkə ərazisinə hücumları bərpa etməkdə ittiham edir.
Rəsmi Tehran bildirib ki, ABŞ-nin regiondakı hərbi bazaları və strateji obyektləri İrana qarşı hücumlar davam etdiyi müddətdə cavab zərbələrinin hədəfi olacaq.

