Üç yeni villa inşa ediləcək
Tikintilərin Dövlət Reyestrində yerləşdirilən məlumatlara görə, “Nardaran İnvest” MMC-yə Nardaran–Ləhiş yolu ərazisində üç yeni villa tikmək üçün rəsmi icazə verilib.
Layihələrdən biri “Villa 164” adı ilə qeyd olunub. İkimərtəbəli villanın ümumi sahəsi 711,07 kvadratmetrdir.
“Villa 163” adlanan digər ikimərtəbəli yaşayış evinin ümumi sahəsi 754,15 kvadratmetr, “Villa 155” adlı üçüncü villanın ümumi sahəsi isə 849,24 kvadratmetr təşkil edir.
Beləliklə, tikilməsi planlaşdırılan üç villanın ümumi sahəsi 2 314,46 kvadratmetrə çatır.
Daha iki obyekt istismara buraxılıb
Reyestrdə yer alan digər iki sənəd isə Nardaranın İstiqlaliyyət küçəsində yerləşən qeyri-yaşayış binalarının sadələşdirilmiş qaydada istismarına icazə verilməsi ilə bağlıdır.
Birinci obyektin ümumi sahəsi 786,72 kvadratmetr, ikinci obyektin isə 363,6 kvadratmetrdir.
Hər iki tikili üçün Fövqəladə Hallar Nazirliyi iyulun 8-də istismara hazırlıq rəyi verib.
Şirkət Emin Ağalarovun yaxın qohumuna məxsusdur
“Nardaran İnvest” MMC-nin qanuni təmsilçisi Cəmilə Ağalarovadır. O, iş adamı və müğənni Emin Ağalarovun yaxın qohumu olmaqla yanaşı, onun “Crocus” brendi altında fəaliyyət göstərən bir neçə şirkətində də rəhbər vəzifədə çalışır.
Bütün layihələrin memarlıq və layihələndirmə işləri “ZN Design Group” MMC tərəfindən hazırlanıb.
Layihələrin “Sea Breeze” kompleksinin genişlənməsi ilə əlaqəli olduğu bildirilir
Məlumata görə, sözügedən yeni tikililər Emin Ağalarovun Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət-kompleksinin genişləndirilməsi çərçivəsində həyata keçirilən layihələrin bir hissəsidir.
Reyestr sənədlərində obyektlərin maliyyə dəyəri, investisiya mənbələri və qeyri-yaşayış binalarının gələcək təyinatı barədə məlumat açıqlanmayıb.

