Rəhmət günəşi doğduğu gün
Rəhmət buludları yenidən bəşəriyyət üzərinə kölgə saldı, hikmət nurunun parıltısı dünyanı işıqlandırdı. Əhli-beytin (ə) müqəddəs soyundan olan nurani bir körpə dünyaya göz açdı.
İmam Musa Kazımın (ə) mövludu ilə səma sevincə qərq oldu, mələklər isə imamət səmasının yeddinci parlaq ulduzunun doğuluşunu salamladı.
Ey səbir və dözüm dağı, ey Allahın saleh bəndəsi, ey qiyamət günü ümmətin şəfaətçisi — xoş gəldin!
İmam Musa Kazım (ə) kimdir?
İmam Musa ibn Cəfər əl-Kazım (ə) on iki imamın yeddincisi və on dörd məsumdan doqquzuncusudur.
O həzrət hicri 128 və ya 129-cu ildə Məkkə ilə Mədinə arasındakı Əbva adlı məntəqədə dünyaya gəlib.
Niyə “Kazım” adlandırılıb?
İmam Musa Kazım (ə):
- çox ibadət etdiyi üçün “Saleh bəndə”;
- qəzəbini boğduğu, səbirli və təmkinli olduğu üçün isə “Kazım” ləqəbi ilə məşhurlaşıb.
Onun əsas künyəsi “Əbu İbrahim” olsa da, “Əbu Əli” adı ilə də tanınıb.
Anası Həmidə xanım
İmamın anası Həmidə xanım Mərakeş və ya Əndəlüs mənşəli olub.
Tarixi mənbələrdə o:
- “Həmidə Bərbəriyyə”;
- “Həmidə Musəffə” adları ilə yad edilir.
İmamın qardaşları İshaq və Məhəmməd Dibac da eyni anadan dünyaya gəliblər.
Uşaqlıqdan elm sahibi idi
İmam Musa Kazım (ə) hələ kiçik yaşlarında böyük alimlərin diqqətini çəkirdi.
Rəvayətlərə görə, məşhur fəqih Əbu Hənifə belə ondan suallar soruşar və elmi cavablar alardı.
İmam Cəfər Sadiqin (ə) şəhadətindən sonra, təxminən 20 yaşında imamət məqamına çatdı və 35 il şiə ümmətinə rəhbərlik etdi.
Odda oturaraq imamətini sübut etdiyi hadisə
Rəvayət olunur ki, İmam Cəfər Sadiqin (ə) şəhadətindən sonra oğlu Abdullah imamət iddiası edib.
İmam Musa Kazım (ə) həyətin ortasında böyük tonqal hazırlanmasını əmr edib.
Məclisdə tanınmış səhabələr və alimlər iştirak edirdi.
İmam alovun içinə daxil oldu
Tonqal alovlandıqdan sonra İmam Musa Kazım (ə) ayağa qalxaraq alovun ortasında oturub və sakit şəkildə insanlarla söhbət etməyə başlayıb.
Məclisdəkilər heyrət içində qalıblar.
Bir müddət sonra İmam alovdan çıxaraq qardaşı Abdullaha buyurub:
“Əgər özünü imam hesab edirsənsə, sən də alovun içinə daxil ol.”
Abdullah bu mənzərəni gördükdən sonra qorxu içində məclisi tərk edib.
Qış fəslində üzüm və nar möcüzəsi
Davud Rəqqi nəql edir ki, bir gün İmam Cəfər Sadiqin (ə) hüzurunda olarkən İmam Musa Kazım (ə) otağa daxil olub.
Hava çox soyuq idi. İmam Musa Kazım (ə) atasına buyurub:
“Ata, üzüm və nar yemək istəyirəm.”
Davud Rəqqi öz-özünə düşünür ki, qış fəslində bu meyvələr necə tapıla bilər?
Həyətdə möcüzə baş verdi
İmam onun fikrindən xəbərdar olaraq buyurub:
“Allah hər şeyə qadirdir.”
Daha sonra Davudu həyətə göndərib.
O, həyətə daxil olanda heyrətlə görüb ki:
- üzüm ağacı meyvə ilə doludur;
- nar ağacında isə yetişmiş narlar var.
Davud həmin meyvələri yığıb gətirib və bu hadisədən sonra Əhli-beytin ilahi elm və məqamına imanının daha da gücləndiyini bildirib.
İmam Musa Kazımın (ə) irsi
İmam Musa Kazım (ə):
- səbirin;
- ibadətin;
- hikmətin;
- zülm qarşısında mətanətin
ən böyük simvollarından biri hesab olunur.
Onun həyatı müsəlmanlara dözümlü olmaq, qəzəbi idarə etmək və haqq yolunda möhkəm dayanmaq dərsi verir.
