Həzrət Zəhranın (s.ə.) Mərifət Məqamı

5 Dəq Oxuma Müddəti

Ayətullah Cəvadi Amuli fiqh dərsində Fatimiyyə günlərini yad edərək, “Üsuli-Kafi” kitabındakı rəvayətlərə və Mübahilə hadisəsinə əsaslanan çıxışında vurğulayıb ki, Həzrət Fatimadan (s.ə.) yadigar qalan xütbələr və elmi kəlamlar o böyük xanımın yüksək mərifət məqamına və təkvini vilayətə malik olduğunu göstərir.

Ayətullah Cəvadi Amuli fiqh dərsinin əvvəlində Fatimiyyə günlərinin yaxınlaşmasına işarə edərək, Həzrət Siddiqeyi-Kübranın (s.ə.) elmi və mənəvi xüsusiyyətlərinin, eləcə də uca məqamının açıqlanmasının zəruriliyini vurğulayıb və belə buyurub:

“Həzrət Zəhranın (s.ə.) əzəmətini yalnız onun məzlumiyyətində, evinə edilən hücum hadisəsində və Fədək məsələsində axtarmamalıyıq. Əksinə, onun elmi və mənəvi məqamını nurani rəvayətləri və xütbələri vasitəsilə tanımalıyıq.”

Ayətullah Amuli bildirib ki, rəvayətlərə əsasən, Möminlərin Əmiri (ə.) daxil olduqda Peyğəmbər Əfəndimiz (s.ə.a.) ona ehtiram əlaməti olaraq ayağa qalxardı. Lakin Həzrət Zəhra (s.ə.) haqqında fərqli bir ifadə işlədilib: “قامَ إِلَیها”. Yəni Peyğəmbər (s.ə.a.) sadəcə ayağa qalxmaz, yerindən qalxaraq onu qarşılamağa gedərdi.

Bu ifadə “قامَ لَها” ifadəsindən fərqlənir və Həzrət Siddiqeyi-Kübranın (s.ə.) xüsusi məqamını göstərir.

Təqlid mərcəyi Ayətullah Cəvadi Amuli vurğulayıb ki, Peyğəmbərin (s.ə.a.) bu davranışı yalnız Həzrət Zəhranın (s.ə.) onun qızı olması ilə bağlı deyildi. Bu xüsusi ehtiram onun elmi kamilliyindən, alim olmasından və dualarının qəbul edilməsindən qaynaqlanırdı.

Çıxışının davamında Cəbrailin (ə.) Həzrət Fatimə Zəhraya (s.ə.) nazil olması hadisəsinə toxunan Ayətullah Amuli belə açıqlama verib:

Küleyninin “Üsuli-Kafi” kitabında yer alan rəvayətlərə əsasən, Peyğəmbərin (s.ə.a.) vəfatından sonra Cəbrail (ə.) dəfələrlə Həzrət Zəhranın (s.ə.) hüzuruna gələr, aləmin sirlərini, kainatın həqiqətlərini, keçmiş və gələcəklə bağlı xəbərləri ona bildirərdi.

Həzrət Zəhra (s.ə.) da bu məsələləri Möminlərin Əmirinə (ə.) çatdırar, o isə həmin məlumatları qeyd edərək yazıya alardı.

Qum elmi hövzəsinin müəllimi sözlərinə belə davam edib:

Həzrət Zəhraya (s.ə.) edilən zülm, Fədək hadisəsi və evində baş verənlər İslam tarixinin mühüm məsələlərindən olsa da, bunlar həmin böyük İslam xanımının əzəmətinin digər tərəflərinin diqqətdən kənarda qalmasına səbəb olmamalıdır.

Həzrət Zəhranın (s.ə.) böyüklüyü onun elmi və mənəvi məqamında, eləcə də özündən sonra miras qoyduğu yüksək mərifətlərdədir.

Ayətullah Amuli qeyd edib:

Bu günlərdə Həzrət Zəhranın (s.ə.) elmi kəlamları və nurani xütbələri insanlara açıqlanmalıdır ki, cəmiyyət Həzrət Siddiqeyi-Kübranın (s.ə.) şəxsiyyətinin yalnız məzlumiyyət və Fədək məsələsi ilə məhdudlaşmadığını, əksinə, onun elm və mənəviyyatda əzəmətli bir məqama sahib olduğunu bilsin.

Ayətullah Cəvadi Amuli çıxışının digər hissəsində Mübahilə hadisəsinə, Həzrət Zəhranın (s.ə.) Peyğəmbər Əfəndimiz (s.ə.a.), Möminlərin Əmiri (ə.), İmam Həsən (ə.) və İmam Hüseynin (ə.) yanında iştirak etməsinə toxunaraq, Mübahilə ayəsinin əzəmətini belə izah edib:

Ali-İmran surəsinin 61-ci ayəsində buyurulur:

﴿ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ﴾

“Sonra mübahilə edək və Allahın lənətini yalançıların üzərinə qoyaq.”

Bu ayə Peyğəmbərin (s.ə.a.) Nəcran xristianları ilə mübahilə etmək üçün özü ilə apardığı şəxslərin xüsusi məqam və mövqeyindən xəbər verir.

“Mübahilə” sözünün mənasına toxunan Ayətullah Amuli bildirib:

“Bəhl” adi bir dua, bəddua və ya istək deyil. Əksinə, həqiqəti müdafiə etmək və ilahi dini qorumaq naminə Allahın hüzurunda bütün varlığı ilə edilən dərin yalvarış və təzərrüdür.

Allahdan əzab istəməklə Mübahilə ayəsində Peyğəmbər (s.ə.a.) və onun yanında olanlar üçün göstərilən xüsusi məqam arasındakı fərqi vurğulayan Ayətullah Cəvadi Amuli belə buyurub:

Bəzən peyğəmbərlər Allahdan haqqın əleyhdarlarını cəzalandırmasını istəyirlər və Allah da onların duasını qəbul edir. Lakin Mübahilə ayəsində ifadə belədir:

“Biz özümüz Allahın lənətini yalançıların üzərinə qoyarıq.”

﴿نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ﴾

Bu işi biz edirik, Allahın lənəti olan əzabı biz göndəririk. Əlbəttə, Allahın izni ilə!

Bu iki məqam arasında çox böyük fərq vardır. Həmin ifadə Mübahilə hadisəsində iştirak edən şəxslərin xüsusi mövqeyini və məqamını göstərir.

Bu fərqi açıqlayan Ayətullah Amuli belə deyib:

Bir halda ilahi qeyb xəzinəsində müəyyən bir şey olur və Allah onu şəxsən Öz peyğəmbərinə bəxş edir. Digər halda isə Allah həmin qeyb xəzinəsinin açarını şəxslərin əlinə verir ki, onlar özləri ondan faydalansınlar.

Bu iki məqam bir-birindən tamamilə fərqlidir.

Mübahilə hadisəsində Həzrət Zəhra (s.ə.) Peyğəmbər Əfəndimizin (s.ə.a.) və Möminlərin Əmirinin (ə.) yanında yer almışdır. Bu isə həmin böyük xanımın məqamının əzəmətini açıq şəkildə ortaya qoyur.

Təqlid mərcəyi çıxışının sonunda Həzrət Fatimə Zəhranın (s.ə.) mərifət və elm baxımından yüksək məqamının tanıdılmasının zəruriliyini bir daha vurğulayıb.

Ayətullah Cəvadi Amuli İslam cəmiyyətinin, alimlərin, elmi hövzə və universitet nümayəndələrinin, məsul şəxslərin və xalqın bütün təbəqələrinin o böyük xanımın dualarından faydalanmasını arzulayıb.

O, həmçinin İslam quruluşunun və meydanda xidmət edən bütün fədakar insanların Həzrət Siddiqeyi-Kübranın (s.ə.) inayət və dualarına nail olmalarını diləyib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş