Ərdoğandan Livana dəstək mesajı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Livan Prezidenti Cozef Aun ilə keçirdiyi görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında ölkəsinin Livana dəstəyini davam etdirəcəyini bildirib.
Ərdoğan deyib ki, Türkiyə Cənubi Livanın yenidən qurulması və bərpası istiqamətində Lazım olan dəstəyi göstərməyə hazırdır.
O vurğulayıb ki, Ankara İsrailin Livana qarşı həyata keçirdiyi hücumlara ən sərt reaksiya verən ölkələrdən biri olub.
Suriya-Livan dialoquna dəstək
Türkiyə Prezidenti Suriya ilə Livan arasında davam edən dialoqa da toxunaraq bildirib ki, bu prosesin davam etməsi hər iki ölkənin maraqlarına xidmət edəcək.
Ərdoğan qeyd edib ki, Türkiyə bu istiqamətdə də lazım gəldikdə vasitəçilik və digər dəstək göstərməyə hazırdır.
Cozef Aun: Suverenliyimizi bərpa etməkdə qətiyyətliyik
Livan Prezidenti Cozef Aun isə çıxışında ölkəsinin dövlət suverenliyini tam bərpa etmək və müharibənin vurduğu ziyanın aradan qaldırılması istiqamətində qətiyyətlə fəaliyyət göstərdiyini bildirib.
O qeyd edib ki, Livan milli ləyaqətindən güzəştə getmədən dövlət suverenliyini möhkəmləndirmək və ölkənin yenidən qurulmasını təmin etmək əzmindədir.
“Livanın sabitliyi regionun sabitliyidir”
Cozef Aun bildirib ki, Türkiyəyə səfəri Qərbi Asiyada yeni siyasi proseslərin formalaşdığı mühüm dövrə təsadüf edir.
Onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğan Livanın sabitliyinin bütövlükdə regionun təhlükəsizliyi və sabitliyi üçün mühüm əhəmiyyət daşıdığını yaxşı anlayır.
Görüş və birgə mətbuat konfransında Türkiyə-Livan münasibətlərinin inkişafı, həmçinin regiondakı son vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

