Əbdülməlik əl-Husidən sərt bəyanat
Yəmənin “Ənsarullah” hərəkatının lideri Əbdülməlik əl-Husi çıxışında ölkəsinin Səudiyyə Ərəbistanı ilə bağlı mümkün hərbi gərginliyə hazır olduğunu bildirib.
O qeyd edib ki, mövcud vəziyyət daha genişmiqyaslı eskalasiyaya doğru inkişaf edərsə, Yəmən də buna eyni səviyyədə cavab verəcək.
Əl-Husi Səudiyyə Ərəbistanının bu istiqamətdə israrlı mövqeyinin ağır nəticələr doğura biləcəyini deyib.
Türkiyənin satdığı pilotsuz uçuş aparatlarına toxundu
“Ənsarullah” lideri çıxışında Türkiyənin Səudiyyə Ərəbistanına satdığı hərbi texnikaya da toxunub.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının istifadə etdiyi bu vasitələr Yəməndə hədəfə çevriləcək və onların hərbi üstünlük yaratmayacağını qeyd edib.
“Mühasirəyə qarşı mühasirə” strategiyasını davam etdirəcəklərini bildirib
Əl-Husi çıxışında “mühasirəyə qarşı mühasirə” adlandırdığı strategiyanın davam etdiriləcəyini deyib.
Onun sözlərinə görə, bu çərçivədə Səudiyyə Ərəbistanına məxsus neft daşıyan gəmilər hədəfə alınıb, bəzi gəmilərin hərəkətinin qarşısı alınıb və pilotsuz uçuş aparatlarının vurulduğu açıqlayıb.
ABŞ, Böyük Britaniya və İsrail barədə açıqlamalar
Əbdülməlik əl-Husi bəyan edib ki, ABŞ, Böyük Britaniya və İsrailin dəstəyi belə Səudiyyə Ərəbistanını mümkün qarşıdurmanın nəticələrindən qoruya bilməyəcək.
O həmçinin Yəmən xalqını cümə günü paytaxt Səna və digər vilayətlərdə keçiriləcək kütləvi aksiyalarda iştirak etməyə çağırıb.
Fələstin və regiondakı vəziyyətə münasibət bildirib
Əl-Husi çıxışında Fələstin, Livan, İran və regiondakı hadisələrə də toxunaraq müxtəlif ittihamlar səsləndirib.
O, İsrailin Fələstin ərazilərində hərbi əməliyyatlarını davam etdirdiyini qeyd edib, həmçinin Əl-Əqsa məscidi ilə bağlı narahatlığını ifadə edib.
Çıxışının sonunda “Ənsarullah” lideri ABŞ-Səudiyyə Ərəbistanı hücumu nəticəsində şəhid olan iraqlılarla bağlı başsağlığı verərək İraqla həmrəy olduqlarını bildirib.

