Çexiya Məktəblərdə Mobil Telefonları Qadağan Etməyə Hazırlaşır

1 Dəq Oxuma Müddəti

Məktəblərdə mobil telefonlardan istifadə qadağan oluna bilər

Çexiya hökuməti məktəblərdə mobil telefon və digər elektron rabitə vasitələrinin istifadəsini qadağan edən yeni qanun layihəsi hazırlayıb.

Yerli mətbuatın yaydığı məlumata görə, Baş nazir Andrey Babiş və təhsil naziri Robert Plaqa tərəfindən hazırlanan layihəyə əsasən, məktəbəqədər təhsil müəssisələri, ibtidai və orta məktəblər, eləcə də çoxillik liseylərdə şagirdlərin mobil telefon və digər elektron rabitə cihazlarından istifadə etməsinə icazə verilməyəcək.

Qadağa tənəffüsləri də əhatə edəcək

Qanun layihəsində nəzərdə tutulan məhdudiyyətlər yalnız dərs vaxtını deyil, tənəffüsləri və məktəbdənkənar proqramları da əhatə edəcək.

Bununla yanaşı, sağlamlıq vəziyyəti və ya xüsusi təhsil ehtiyacları səbəbindən elektron cihazlardan istifadə etməli olan şagirdlər üçün istisna tətbiq olunacaq.

Təklifə etiraz da var

Uşaq Hüquqları üzrə Ombudsman Martin Beneş qanun layihəsinə qarşı çıxaraq bildirib ki, məktəblər mobil telefonlardan istifadə qaydalarını öz daxili nizamnamələri çərçivəsində müəyyən etmək səlahiyyətinə malikdir.

Onun fikrincə, bu məsələnin qanunla tənzimlənməsinə ehtiyac yoxdur və qərarın hər bir təhsil müəssisəsinin daxili qaydalarına uyğun verilməsi daha məqsədəuyğundur.

Qanun layihəsinin yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılması gözlənilir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş