İxtisas seçiminə start verildi
Azərbaycanda ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi mərhələsi başlayıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, ixtisas seçimi avqustun 12-dən 19-dək aparılacaq. Müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlər müəyyən edilmiş müddət ərzində ixtisaslarını seçməli və elektron ərizələrini tələb olunan qaydada təsdiqləməlidirlər.
İxtisas seçimi qəbul prosesinin ən vacib mərhələlərindən biri hesab olunur. Abituriyentlər seçim edərkən topladıqları balı, ixtisaslar üzrə plan yerlərini, müsabiqə şərtlərini və seçim ardıcıllığını nəzərə almalıdırlar.
Abituriyentlərə ödənişsiz məsləhət veriləcək
DİM ixtisas seçimi zamanı çətinlik çəkən abituriyentlər üçün ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nin xidmətindən yararlanmaq imkanı yaradıb.
Belə mərkəzlər Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Sumqayıt Dövlət Universitetində fəaliyyət göstərir.
Abituriyentlər həmçinin DİM-in regional bölmələrinə müraciət edərək ixtisas seçimi ilə bağlı ödənişsiz məsləhət ala bilərlər.
Elektron ərizənin doldurulmasına kömək göstəriləcək
Müəyyən edilmiş tarixlərdə rayon təhsil sektorlarında və bir sıra məktəblərdə də DİM əməkdaşları tərəfindən abituriyentlərə ödənişsiz yardım göstəriləcək.
Məsləhətlər zamanı tələbə qəbulu qaydaları, abituriyentin elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiqlənməsi, müsabiqə şərtləri, eləcə də ixtisasların düzgün sıralanması zamanı diqqət yetirilməli əsas məqamlar izah ediləcək.
Bu mərhələdə seçim ardıcıllığı xüsusi əhəmiyyət daşıyır. Buna görə abituriyentlərin yalnız keçid ballarını deyil, həqiqətən təhsil almaq istədikləri ixtisasları və universitetləri də nəzərə alaraq seçim etmələri tövsiyə olunur.
DİM xüsusi kitabçalar hazırlayıb
Dövlət İmtahan Mərkəzi I, II, III və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak hüququ əldə etmiş abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı xüsusi kitabçalar da nəşr edib.
Kitabçalarda ixtisas seçiminin əsas prinsipləri, müsabiqə şərtləri və abituriyentlərin seçim zamanı nəzərə almalı olduğu mühüm məsələlər barədə məlumatlar yer alır.
Nəşrləri DİM-in Bakıdakı əsas inzibati binasından, “Abituriyent” satış məntəqəsindən və kitab mağazalarından əldə etmək mümkündür. Elektron sifariş imkanı da yaradılıb.
Son tarix avqustun 19-dur
Abituriyentlərin ixtisas seçimini son günə saxlamaması tövsiyə edilir. Seçimlərin düzgün daxil edilməsi və elektron ərizənin vaxtında təsdiqlənməsi qəbul prosesində mühüm əhəmiyyət daşıyır.
İxtisas seçimi üçün ayrılan müddət avqustun 19-da başa çatacaq. Beləliklə, ali məktəbə qəbul hüququ uğrunda mübarizə aparan abituriyentlər üçün qəbul prosesinin ən həlledici mərhələlərindən biri başlayıb.
Kitabçaları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. //abiturient.az/wolt
Kitabçaları elektron versiyasını (PDF formatda) www abiturient.az saytında əldə etmək olar.
