ABŞ-dən İrana cavab zərbələri
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə qarşı həyata keçirdiyi hücumlara cavab olaraq İrana zərbələr endirdiyini açıqlayıb.
CENTCOM-un yaydığı bəyanatda bildirilib ki, beynəlxalq sularda mülki heyətin olduğu ticarət gəmilərini hədəfə almağın ağır nəticələri olmalıdır və bu məqsədlə İrana qarşı “güclü zərbələr silsiləsi” həyata keçirilib.
ABŞ hərbi qurumu qeyd edib ki, əməliyyat İranın Hörmüz boğazından keçən üç kommersiya gəmisinə hücumuna cavab olaraq icra olunub və bunu atəşkəsin açıq şəkildə pozulması kimi qiymətləndirib.
Hörmüz boğazında gərginlik
Məlumata görə, çərşənbə axşamı Hörmüz boğazından keçməyə çalışan azı üç neft tankeri hücuma məruz qalıb.
İran hücumların məsuliyyətini üzərinə götürməsə də, İran dövlət televiziyası gəmilərdən ən azı birinin İran qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymadığını bildirib.
Vaşinqton neft güzəştini də ləğv etdi
ABŞ Maliyyə Nazirliyi eyni gün İranın neft və neft-kimya məhsullarını satmasına imkan verən müvəqqəti güzəşti ləğv edib.
Qərara əsasən, İranın əsas gəlir mənbələrindən biri hesab olunan neft ixracı ilə bağlı əvvəlki müvəqqəti icazə qüvvədən düşüb.
ABŞ rəsmisi bildirib ki, İranla qüvvədə olan memorandum yalnız öhdəliklərin yerinə yetirilməsi prinsipi əsasında fəaliyyət göstərir və Hörmüz boğazındakı hadisələr Vaşinqton üçün qəbuledilməzdir.
İran danışıqlara qayıtmaqdan imtina edir
İranın xarici işlər naziri isə ABŞ təhdidləri davam etdiyi müddətdə Tehranın danışıqlara qayıtmayacağını bəyan edib.
Bu açıqlama ABŞ Prezidenti Donald Trampın sülh sazişi əldə olunmasa, Vaşinqtonun “işi sona çatdıracağını” bildirməsindən sonra səsləndirilib.
Hazırda ABŞ–İran danışıqları İranın keçmiş ali rəhbəri şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimləri ilə əlaqədar dayandırılıb.

