ABŞ-də yeni mübahisə başlayıb: İran qarşısında məğlubiyyətin bədəlini kim ödəyəcək? Doğrudur, ABŞ Konqresinin hər iki palatasında çoxluğu itirən respublikaçılar ilk bədəli ödədilər. Bəs Tramp administrasiyasının ödəməli olduğu bədəl nə olacaq?
Konqresin razılığını almadan müharibəyə başlayan, elan etdiyi hədəflərin heç birinə nail ola bilməyən, İrana atdığı raketlərlə amerikalı vergi ödəyicilərinin pullarını boşa xərcləyən, Amerika xalqının daha baha benzin almasına səbəb olan və İranın əks-hücumları nəticəsində Vaşinqtonun Fars körfəzi üzərində qurduğu təhlükəsizlik çətirinin yarılmasına yol açan Tramp administrasiyası hansı bədəli ödəyəcək?
əvvəlcə müharibə tərəfdarları bədəl ödəyəcək
İlk növbədə Pentaqon rəhbəri Pit Heqsetin “başı” tələb olunur. Çünki ABŞ-nin müharibə naziri Heqset Tramp administrasiyasında İran məsələsində ən sərt və müharibə tərəfdarı mövqeyi ilə seçilən şəxsdir.
ABŞ-nin İranı diz çökdürə bilməyəcəyi aydınlaşdığı və Hörmüz boğazının bağlanmasının ağır nəticələrə səbəb olduğu bir şəraitdə belə, Heqset “müharibə davam etməlidir” deyirdi.
ABŞ xalqının 3 noyabr 2026-cı il aralıq seçkilərində “İranla müharibəyə yox!” mesajı verərək respublikaçılara ağır zərbə vurduğu şəraitdə belə, Heqset hələ də müharibənin davam etdirilməsini müdafiə edir.
Beləliklə, ilk növbədə müharibə tərəfdarları bunun bədəlini ödəməlidir!
Və artıq Pentaqon rəhbəri Heqsetin vəzifədən uzaqlaşdırılması üçün Nümayəndələr Palatasına impiçment qətnaməsi təqdim edilib.
senatda qüvvələr nisbəti dəyişəcəkmi?
Lakin maraqlı məqam budur: Heqsetin impiçmentini tələb edən şəxs demokrat deyil, respublikaçı Tomas Massidir.
Üstəlik, o, tək deyil. Onu dəstəkləyən başqa respublikaçılar da var.
Məsələn, respublikaçı senator Ted Kruz “Heqset ya istefa verəcək, ya da Tramp onu işdən çıxaracaq” deyib.
Kruzun bu açıqlaması Heqsetin Senatda malik olduğu müdafiə səddinin o qədər də etibarlı olmaya biləcəyini göstərir.
Çünki Pit Heqsetin Nümayəndələr Palatasında qəbul edilə biləcək impiçment qərarının Senatdan keçməsi o qədər də mümkün görünmürdü.
Bunun üçün 100 senatorun 67-nin səsi tələb olunur. Demokratların 53 yeri var, bundan əlavə, iki müstəqil senator da demokratlarla birlikdə hərəkət edir.
Beləliklə, impiçmentin baş tutması üçün 12 respublikaçı senatorun da dəstəyi lazımdır.
Görəsən, Kruzun “istefa ver” çağırışı artıq bu sayda respublikaçı senatorun dəstəyinin mümkün olduğuna işarədirmi?
Bu arada Tramp Heqsetin impiçmenti ilə bağlı səkkiz maddəlik qətnaməyə etiraz edib.
Çünki o, siyasi bədəl ödəməyin yalnız Heqsetlə məhdudlaşmaya biləcəyini görür.
Heqset isə impiçment qətnaməsinin əsasını təşkil edən “Konqresin razılığını almadan müharibəyə başlamaq” ittihamına qarşı çıxaraq özünü belə müdafiə edib:
“Əməliyyat Trampın əmri ilə həyata keçirildi, mənim tərəfimdən təsdiqləndi.”
tramp niyə rubionu önə çıxardı?
Trampın və respublikaçıların ödəyəcəyi siyasi bədəl yalnız Heqsetlə məhdudlaşacaq kimi görünmür.
Tramp–Vens cütlüyünü Ağ Evə gətirən MAGA hərəkatının daxilində ciddi parçalanma meyilləri müşahidə olunur.
ABŞ vitse-prezidenti Cey Di Vensin seçki məğlubiyyətindən sonra çıxış yolu kimi təqdim etdiyi dörd maddənin birincisinə “İranla müharibəni sona çatdırmaq” məsələsini yerləşdirməsi də bununla bağlıdır.
Vens MAGA hərəkatını və 2028-ci il prezident seçkilərində namizəd olmaq imkanını qorumağa çalışır.
Lakin görünür, İran qarşısındakı məğlubiyyət 2028-ci illə bağlı planları da dəyişdirib və gələcək prezident seçkiləri uğrunda daxili mübarizəni daha da sərtləşdirib.
Çünki Tramp seçki məğlubiyyətindən sonra verdiyi müsahibədə 2028-ci il prezident seçkiləri ilə bağlı suala cavab verərkən vitse-prezident Cey Di Vensin deyil, ABŞ dövlət katibi Marko Rubionun adını önə çıxarıb.
iranın raketləri ağ evi də vurdu
Trampın bu seçimini onun İranla müharibəyə münasibətinin göstəricisi hesab edə bilərikmi?
Çünki əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, Heqset “İranla müharibəni davam etdirmək”, Vens “danışıqlar və sülh”, Rubio isə “iqtisadi və diplomatik blokada tətbiq etmək” mövqeyini təmsil edir.
Seçki məğlubiyyətindən sonra Trampın Heqset kimi “müharibəyə davam” deməsi o qədər də mümkün görünmür.
Digər tərəfdən, “danışıqlar və sülh” Tramp baxımından tam məğlubiyyət deməkdir və bunu qəbul etmək ciddi siyasi itkilərə səbəb olacaq.
Belə olan halda, Tramp “blokada” siyasəti ilə mövqeyini qorumağa və Heqsetdən başqa heç kimin siyasi bədəl ödəməməsinəmi çalışacaq?
Əbəs yerə “İranın raketləri Ağ Evi də vurur” demirdik.
Artıq bunun nə demək olduğu daha yaxşı anlaşılır.
