Misir İsrailin Rəfəh Planını Blokladı: “Heç Bir Koordinasiya Yoxdur”

2 Dəq Oxuma Müddəti

Misir sionist Rejimin Rəfəh keçidi iddialarını rədd etdi

Misir rəsmiləri İsrail tərəfindən yayılan məlumatları təkzib edərək, yaxın günlərdə Rəfəh sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı Təl-Əvivlə hər hansı koordinasiyanın aparılmadığını bəyan ediblər. Qahirə bildirib ki, əgər keçidin açılması ilə bağlı razılaşma əldə olunarsa, Rəfəh yalnız Qəzzadan çıxış üçün deyil, həm də giriş üçün — yəni iki istiqamətdə fəaliyyət göstərəcək. Məlumatı İsrailin “I24 NEWS” portalı yayıb.

İsrail isə öz növbəsində keçidin yalnız Qəzza zolağından Misirə doğru çıxış üçün açılacağını iddia edərək, bunun atəşkəs razılaşması çərçivəsində və siyasi rəhbərliyin təlimatlarına uyğun həyata keçiriləcəyini açıqlamışdı. İsrail tərəfi həmçinin bu prosesin Misirlə koordinasiya ediləcəyi və Avropa İttifaqı missiyasının nəzarəti altında baş tutacağı barədə məlumat vermişdi.

İsrail tərəfdən sərt reaksiyalar

“I24 NEWS”in məlumatına görə, Misirin təkzibindən sonra İsrail mənbələri sərt tonda açıqlamalar veriblər. Adının çəkilməsini istəməyən İsrail rəsmilərindən biri bildirib: “İsrail keçidləri açacaq və Qəzzadakı sakinlər çıxacaq. Əgər misirlilər onları qəbul etmək istəmirsə, bu, artıq onların problemidir”.

Bundan əlavə, bir digər təhlükəsizlik mənbəsi İsrailin Misirin bəyanatına baxmayaraq keçidin planlaşdırıldığı kimi açılması üçün hazırlıqları davam etdirdiyini deyib.

ABŞ Dövlət Departamentinin paylaşımı mübahisə yaratdı

Məsələ ilə bağlı maraqlı məqamlardan biri də ABŞ Dövlət Departamentinin mövqeyi oldu. Qurumun rəsmi hesabından “X” platformasında yayımlanan açıqlamada ABŞ Rəfəh keçidinin açılmasını alqışlamış və bunu “ABŞ-ın rəhbərlik etdiyi Mülki-Hərbi Koordinasiya Mərkəzində aparılan sıx əməkdaşlığın nəticəsi” kimi qiymətləndirmişdi. Həmin paylaşımda keçidin açılmasının Qəzzada ən həssas vəziyyətdə olan şəxslərin sektor xaricində tibbi yardım ala bilməsinə şərait yaradacağı vurğulanırdı.

Dövlət Departamenti bu addımı Vaşinqtonun hazırladığı “20 maddəlik plan üzrə növbəti irəliləyiş” adlandırmışdı. Lakin açıqlama bir müddət sonra heç bir izah verilmədən silinib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş