HƏMAS: Qəzzaya Humanitar Yardım üçün Blokada Dərhal Qaldırılmalıdır

2 Dəq Oxuma Müddəti

HƏMAS: Qəzzada humanitar vəziyyət fəlakət həddindədir

Fələstin İslam Müqavimət Hərəkatı – HƏMAS bu gün bəyanat yayaraq ərəb ölkələrini və beynəlxalq ictimaiyyəti İsrail işğalına təzyiqi artırmağa çağırıb. Hərəkat İsrailin davam edən hücumlarının və ağır blokadanın Qəzzada böhranı daha da dərinləşdirdiyini bildirib.

HƏMAS qeyd edib ki, sektorda vəziyyət son dərəcə ağırdır və təcili humanitar müdaxilə, çadırlar, dərman, tibbi avadanlıq, içməli su və hazır yaşayış sahələrinin daxil edilməsi həyati əhəmiyyət daşıyır.

Açıqlamada Qəzzada iki ildən çox davam edən “soyqırımı xarakterli müharibənin” nəticələrinə diqqət çəkilir: ərzaq çatışmazlığı, dərman və tibbi ləvazimat qıtlığı, təmiz suyun olmaması, səhiyyə sisteminin dağılması və insanların çadırlara belə əlçatanlığının qalmaması. Xüsusilə uşaqların və qadınların həyatı ciddi təhlükə qarşısındadır; qışın yaxınlaşması və yağışların artması vəziyyəti daha da ağırlaşdırır.

İşğalın məsuliyyəti və “humanitar protokol”un icrası tələbi

HƏMAS İsrail işğalını “müharibəni dayandırmaq barədə razılaşmanın şərtlərini pozmaqda”, mülki şəxslərə qarşı hücumları davam etdirməkdə və keçid məntəqələrini bağlamaqda ittiham edib. Hərəkat bildirib ki, İsrailin atdığı bu addımlar bölgədəki humanitar böhranı daha da dərinləşdirir.

Hərəkat razılaşmanın “zəmanətçi ölkələrinə” müraciət edərək, İsrailin razılaşmış humanitar tələblərə əməl etməsinə məcbur edilməsini tələb edib. Bu çərçivədə, xüsusilə Rəfah keçidinin açılması, tibbi və humanitar yardımın daxil edilməsi, çadır və digər yaşayış vasitələrinin keçirilməsinə icazə verilməsi, eyni zamanda xəstələrin sektor xaricinə çıxışının təmin olunması istənilib.

HƏMAS beynəlxalq ictimaiyyətin “susqunluğunu və acizliyini” kəskin şəkildə tənqid edib və bunun Qəzzadakı iki milyondan çox mülki şəxsin humanitar fəlakətini ağırlaşdırdığını bildirib.

ÜST: Qəzzada 900-dən çox xəstə təxliyə olunmadığı üçün ölüb

Beynəlxalq təşkilatlar da vəziyyətin kritik olduğunu təsdiqləyir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bazar günü açıqlayıb ki, tibbi təxliyə prosedurlarının dayanması və keçidlərin bağlı qalması səbəbindən Qəzzada 900-dən çox xəstə həyatını itirib.

ÜST-ün məlumatına görə, hazırda 16 min 500 nəfər xəstə təcili müalicə üçün sektor xaricinə çıxış gözləyir. Onların arasında 4 min uşaq var və təxirəsalınmaz tibbi yardım tələb olunur.

Qəzzadakı blokadanın davam etməsi humanitar sistemin tam çökməsinə səbəb olur və vəziyyətin daha da pisləşəcəyi xəbərdarlığı edilir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş