Netanyahunun narazılığı açıq şəkildə üzə çıxıb
İsrailin “Yediot Aharonot” qəzeti Baş nazir Benyamin Netanyahunun “təhlükəsizlik naziri” Yisrael Katzla arasında artan gərginlik barədə məlumat yayıb. Qəzetə görə, Katzın təhlükəsizlik mövzularında sərt və şəxsi üslubda etdiyi sosial şəbəkə paylaşımları Netanyahunu ciddi şəkildə narahat edib.
Nazirlər Kabinetinin bu gün keçirilən iclasında Netanyahunun kameralar qarşısında Likud daxilində “təhlükəsizlik məsələləri ilə bağlı məsuliyyətsiz paylaşımlar” barədə səsləndirdiyi tənqidlərin birbaşa Katzı hədəf aldığı bildirilir.
Seçki ili və daxili qarşıdurmalar
Netanyahu iclas zamanı vurğulayıb ki, ölkə seçki ilindədir və bu mərhələdə daxili siyasi hücumlar artır. O, təhlükəsizlik kimi həssas məsələlərin X platformasında müzakirə edilməsini qəbuledilməz adlandırıb.
Baş nazir Katzın tez-tez “mən etdim”, “mən əmr etdim” kimi ifadələr işlədərək təhlükəsizlik mövzularında özünə pay çıxarmasını da tənqid edib:
“Milli təhlükəsizlik mövzuları Baş nazirin məsuliyyətindədir və koordinasiya zəruridir.”
Katz mövqeyində qalır
Netanyahunun narazılığına baxmayaraq, Yisrael Katz sosial şəbəkə paylaşımlarını davam etdirib. O, Qəzza ilə bağlı “sonuncu tunelədək” ifadəsini yazaraq İsrail ordusunun HƏMAS tunellərini dağıtması barədə məlumat aldığını bildirib.
Səhər saatlarında isə Katz paylaşıb:
“İsrail siyasəti dəyişməzdir: Fələstin dövləti qurulmayacaq.”
O, həmçinin İsrail ordusunun Golan yüksəkliklərində qalacağını qeyd edib.
Katz ötən həftə də Qəzzadakı tunellərin məhv edilməsinə dair əmr verdiyini iddia etmiş, bir müddət əvvəl isə baş prokurorun istefasını öz adına çıxarmışdı.
Uzunmüddətli fikir ayrılıqları
“Yediot Aharonot” xatırladır ki, tərəflər arasında gərginlik yeni deyil. Ötən həftə hərbi prokuror İtay Oferin təyinatı ilə bağlı da Netanyahu və Katz arasında fikir ayrılığı yaranmışdı. Netanyahu təyinatın onun xəbəri olmadan edildiyini iddia etsə də, sonradan siyasi dairələr bu addımı dəstəklədiyini açıqlayıb.
Netanyahunun yaxın komandasının nümayəndələri – Baş nazirlik Ofisinin baş direktoru Tsahi Braferman və Kabinet katibi Yossi Fuks – də təyinatı müsbət qiymətləndirib.
Hökumət daxilində gərginlik davam edir
Qəzet yazır ki, Katzla yaşanan gərginlik keçmiş nazir Yoav Qalantın 2024-cü ildə vəzifədən uzaqlaşdırılmasından sonra hökumət-dövlət qurumları arasında yaranmış qarşıdurmaların davamıdır. Bu müddətdə Baş Qərargah rəisi Hertsi Halevi, Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsahi Hanegbi və Şin Bet rəhbəri Ronen Bar da dəyişdirilmişdi.
