SEPAH Kəşfiyyatı Mossad-la Əlaqəli Haker Şəbəkəsini İfşa Edib

2 Dəq Oxuma Müddəti

“Backdoor” adlı haker qrupunun rəhbəri saxlanılıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Kəşfiyyat İdarəsi Mossad və xarici media şəbəkələri ilə əlaqədə olan haker qrupunu ifşa edib. Rəsmi məlumatda bildirilir ki, “Backdoor” adlı bu qrupun rəhbəri ələ keçirilib və istintaqa cəlb olunub.

İran mediasının verdiyi xəbərə görə, saxlanılan şəxs sosial şəbəkələrdə özünü “iranlı qadınların azadlığı uğrunda mübarizə aparan holland qız” kimi təqdim edərək ictimai rəyi manipulyasiya etməyə çalışıb. Onun SEPAH və digər təhlükəsizlik qurumları ilə bağlı məxfi məlumatları “İran İnternational” və Mossad-a bağlı media şəbəkələrinə ötürdüyü müəyyən edilib.

Xarici media tərəfindən dəstəklənən saxta şəxsiyyət

Hadisə 2022-ci ildə “Backdoor” adlı “Telegram” kanalı və “Twitter” hesabının “əxlaq polisi” və hərbi əməkdaşlara dair şəxsi məlumatları dərc etməsi ilə başlayıb. Qrupun fəaliyyətini Qərb mediası, xüsusilə “İran İnternational” kanalı geniş şəkildə işıqlandırıb.

SEPAH-ın kiber mütəxəssislərinin apardığı çoxmərhələli əməliyyat nəticəsində məlum olub ki, bu hesabları idarə edən şəxs nə “qız”, nə də “holland” olub – əslində, o, gənc bir iranlı kişi imiş və ölkə daxilində fəaliyyət göstərən haker qrupuna rəhbərlik edib.

Kriptovalyuta vasitəsilə maliyyələşmə

İstintaq zamanı saxlanılan şəxs etiraf edib ki, əsas məqsədi maddi gəlir əldə etmək olub. O, xüsusi tapşırıqlar və məxfi məlumatlar müqabilində kriptovalyuta ilə ödəniş alıb.

Araşdırmalar nəticəsində məlum olub ki, “Backdoor” qrupu daha böyük bir casusluq şəbəkəsinin tərkib hissəsidir. Bu şəbəkəyə “İran İnternational” jurnalistləri, “Lab Dookhtegan” adlı digər haker qrupu və İsrailin Mossad xidməti daxildir.

Mossad-la əlaqəli “Lab Dookhtegan” qrupunun rolu

“Lab Dookhtegan” qrupu açıq şəkildə sionist rejimə dəstək verir və öz “Telegram” kanalında İran daxilində kəşfiyyat məlumatları topladıqları ilə öyünür. SEPAH-ın məlumatına görə, bu qrup “Backdoor” vasitəsilə ölkə daxilindəki hədəflərə dair məlumat toplayıb və onu xarici kəşfiyyat orqanlarına ötürüb.

SEPAH: “Xarici casus şəbəkələri tam nəzarət altındadır”

İranın təhlükəsizlik qurumları bildirib ki, xarici kəşfiyyat orqanları – xüsusilə CIA və Mossad – tərəfindən idarə olunan bu cür casusluq şəbəkələrinin ifşası prioritet məsələdir.

Son illərdə SEPAH-ın kəşfiyyat orqanı bir sıra analoji əməliyyatlar keçirərək, İranın hərbi, nüvə və iqtisadi məlumatlarını sızdırmağa çalışan şəxsləri və ikiqat agentləri saxlayıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş