Ayətullah Seyid Əli Xamenei Trampa Cavab Verdi: “Xəyallarınıza Davam Edin”

3 Dəq Oxuma Müddəti

Ayətullah Xamenei: ABŞ terrorun gerçək simvoludur

İranın ali rəhbəri və İslam Respublikasının rəhbəri Ayətullah Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampın “İranın nüvə sənayesini bombaladıq və onu məhv etdik” barədə iddialarına cavab verib. O, bu bəyanatları “xəyal və uydurma” adlandıraraq bildirib ki, “qoy, bu xəyallarında yaşasınlar”.

Bu fikirləri Xamenei bu gün səhər idman və elm sahəsində nailiyyət qazanan bir qrup gənclə görüşündə səsləndirib. Onun sözlərinə görə, “Amerika Birləşmiş Ştatları terrorun əsl təcəssümüdür” və özünü azadlıq və demokratiya simvolu kimi təqdim etməsi saxtakarlıqdan başqa bir şey deyil.

“Tramp öz xalqına baxsın, başqalarının işinə qarışmasın”

Xamenei bildirib ki, əgər ABŞ Prezidenti Donald Trampın həqiqətən gücü varsa, onu öz ölkəsində küçələrdə etiraz edən vətəndaşlarını sakitləşdirmək üçün istifadə etsin:

“Əgər bu qədər gücünüz varsa, öz xalqınızı küçələrdən evlərinə qaytarın. Başqa ölkələrin işlərinə qarışmaq və hərbi bazalar qurmaq sizin haqqınız deyil.”

O, həmçinin qeyd edib ki, “düşmən heç vaxt düşünməzdi ki, İran raketləri onun elmi-tədqiqat mərkəzlərinin dərinliklərinə qədər çata bilər”.

“İranın gəncləri düşmənə ən güclü cavabı verdi”

Ali rəhbər vurğulayıb ki, İranın müdafiə sənayesində əldə etdiyi nailiyyətlər “yumşaq müharibə” şəraitində ikiqat əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu uğurlar gənc iranlı alimlərin öz zəhməti ilə qazanılıb və heç bir xarici ölkədən alınmayıb:

“Bu raketlər və texnologiyalar hamısı yerli istehsaldır. Biz bunları kimsədən almadıq.”

“Raketlərimiz lazım gələrsə, istifadə ediləcək”

Ayətullah Xamenei əlavə edib ki, İran Silahlı Qüvvələri və müdafiə sənayesi əlavə raket arsenalına malikdir:

“Bizim raketlərimiz var və onlar lazım gələrsə, istifadə olunacaq. Elmi biliklər və texnologiya heç bir sui-qəsd və hücumla yox edilə bilməz.”

O, həmçinin ABŞ-ın “İsrail”i Qəzza zolağında mülki əhalinin bombardmanında istifadə edilən silahlarla təchiz etdiyini vurğulayıb.

“ABŞ Qəzza faciəsinə görə məsuliyyət daşıyır”

Xameneinin fikrincə, Trampın İsraili silahlandırdığını etiraf etməsi Vaşinqtonu həm siyasi, həm də mənəvi məsuliyyət altına salır.

“ABŞ bu faciələrin birbaşa səbəbkarıdır və insanlıq qarşısında cavab verməlidir.”

“İran xalqı əsla təslim olmayacaq”

Xamenei bildirib ki, “İran xalqı heç vaxt hegemon güclərin qarşısında baş əyməyəcək və ölkənin suverenliyi, milli ləyaqəti hər bir beynəlxalq münasibətin əsası olmalıdır”.

O, həmçinin İran gənclərinin 8 illik “məcburi müharibə” dövründə düşmənə qarşı apardığı mübarizəni xatırladaraq deyib:

“Az sayda silahla, böyük inamla döyüşən həmin gənclər İranın qələbəsini təmin etdilər. Bu ruh bu gün də yaşayır.”

Bu Xəbəri Paylaş
Şərh edilməmiş