“Nəsr 2” əməliyyatının 27-ci mərhələsi elan edilib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Nəsr 2” əməliyyatının 27-ci mərhələsinin həyata keçirildiyini açıqlayıb.
SEPAH-ın yaydığı bəyanata görə, əməliyyat çərçivəsində İordaniyada yerləşən ABŞ-ın Əl-Əzraq hərbi bazası və İraqın Ərbil şəhərindəki ABŞ hərbi obyektləri hədəfə alınıb.
Əl-Əzraq bazasına zərbə endirildiyi bildirildi
SEPAH bildirib ki, Aerokosmik Qüvvələr ABŞ-ın İordaniyadakı Əl-Əzraq bazasına növbəti dəfə genişmiqyaslı hücum həyata keçirib.
Bəyanatda qeyd olunur ki, hücum nəticəsində bir neçə hərbi təyyarəyə ciddi ziyan dəyib, ABŞ hərbçilərinin yerləşdiyi yaşayış obyektlərindən biri dağıdılıb və ölənlərlə yanaşı yaralananlar da olub.
SEPAH həmçinin ABŞ administrasiyasını hərbi itkilərlə bağlı məlumatları gizlətməkdə ittiham edib və beynəlxalq media ilə araşdırma mərkəzlərini hadisəni yerində araşdırmağa çağırıb.
Ərbildə “Patriot” sisteminin vurulduğu açıqlandı.
SEPAH-ın açıqlamasında bildirilir ki, ayrıca əməliyyat zamanı ABŞ-a məxsus “Patriot” hava hücumundan müdafiə sistemi və kəşfiyyat məqsədli aerostat Ərbildə məhv edilib.
Bəyanata görə, bölgədə ABŞ hərbçilərinin yerləşdiyi obyektlər də hücuma məruz qalıb.
ABŞ-a yeni xəbərdarlıq
SEPAH bəyan edib ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatları davam edərsə, buna müxtəlif formada cavab veriləcək.
İran tərəfi vurğulayıb ki, ABŞ-ın regiondakı hərbi mövcudluğu cavab zərbələrinin əsas hədəfi olaraq qalacaq.
Mülki əhaliyə çağırış
Bundan əvvəl SEPAH region ölkələrində yaşayan mülki əhaliyə ABŞ hərbçilərinin yerləşdiyi ərazilərdən uzaq durmaları barədə xəbərdarlıq etmişdi.
Bəyanatda qeyd olunurdu ki, bəzi ABŞ hərbçiləri hərbi bazaları tərk edərək şəhərlərdəki binalarda yerləşirlər.
SEPAH həmin ərazilərin 500 metr radiusunda yaşayan insanları təhlükəsizlik məqsədilə bu məkanlardan uzaq durmağa çağırıb və ABŞ qüvvələrinin yeni yerləşmə məntəqələri barədə məlumat verilməsini istəyib.
Regionda qarşıdurma davam edir
İran bildirir ki, son günlər ölkənin qərb və cənub bölgələri ABŞ-ın davam edən hava hücumlarına məruz qalır və bu hücumlar limanlar, körpülər və digər mülki infrastruktur obyektlərini də əhatə edir.
Tehran buna cavab olaraq ABŞ-ın Körfəz regionunda, eləcə də Suriya və İordaniyada yerləşən hərbi bazaları və maraqlarına qarşı əməliyyatlar keçirdiyini bəyan edir.
Gərginlik daha da artır
Vaşinqton və Tehran arasında qarşılıqlı hərbi əməliyyatlar və sərt bəyanatlar Qərbi Asiya təhlükəsizlik vəziyyətini daha da gərginləşdirir.

