İranda Sistan və Bəlucistan Faciəsi: İnqilab Keşikçiləri Qisas Vəd Etdi

2 Dəq Oxuma Müddəti

İnqilab Keşikçiləri: Cinayət cəzasız qalmayacaq

İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) Sistan və Bəlucistan əyalətində bir neçə tanınmış bəluç tayfa rəhbərinin qətlə yetirilməsini qəti şəkildə pisləyib. Rəsmi bəyanatda bildirilib ki, bu hadisə “sionist rejimə bağlı muzdlular” tərəfindən törədilib və cavab “sərt və həlledici” olacaq.

İnqilab Keşikçilərinin Qüds qərargahı hadisə ilə bağlı açıqlamasında bildirib: “Bu cinayət cəzasız qalmayacaq. Əməliyyatın planlaşdırıcıları və icraçıları ədalətli və amansız cəza ilə üzləşəcəklər.”

Tehran birliyə çağırır

Qüds qərargahı bölgə əhalisinə müraciət edərək, milli həmrəyliyin qorunmasını və iğtişaşlara uymamağı tövsiyə edib. Bəyanatda qeyd olunub ki, “sionist rejimin xidmətində olan muzdlular” bölgədə fitnə və qarşıdurma yaratmaq istəyirlər:

“Bu qətl hadisəsi onların düşmənçilik niyyətlərini açıq şəkildə göstərdi.”

İnqilab Keşikçiləri vurğulayıb ki, bu cinayət ölkədəki şiə və sünni icmalar arasında möhkəm birliyə zərbə vurmayacaq. “Sünni və şiə qardaşlığını pozmağa çalışan qüvvələr uğursuz olacaqlar,” – deyə bəyanatda qeyd edilib.

Qətlə yetirilənlər kimlərdir?

İran mediasının məlumatına görə, şənbə axşamı Sistan və Bəlucistan əyalətinin Sərbaz bölgəsində silahlı hücum nəticəsində tanınmış din xadimi və tayfa lideri Molla Kamal Salahizahi qətlə yetirilib. Onunla birlikdə daha bir neçə tanınmış şəxs – Rza Azərkəş, Pərviz KədxudaiŞəms Askanı də öldürülüb.

İran mediası Molla Kamalın son illərdə bölgədəki tayfalar arasında gərginliklərin azaldılması və sülh təşəbbüslərinin təşkili ilə məşğul olduğunu bildirib. Onun bu fəaliyyətləri radikal və xarici dəstəkli qrupların hədəfinə çevrilməsinə səbəb olub.

Bölgədə gərginlik artır

Sistan və Bəlucistan İranın ən həssas əyalətlərindən biri sayılır. Burada “Ədalət Ordusu” adlı separatçı və silahlı qruplaşma da daxil olmaqla müxtəlif ekstremist təşkilatlar fəaliyyət göstərir. Əyalətdə dövlət orqanlarına və mülki əhaliyə qarşı terror aktları mütəmadi olaraq baş verir.

İran hakimiyyəti isə bu hücumları ölkə daxilində qarşıdurma yaratmaq istəyən xarici qüvvələrin planlarının tərkib hissəsi kimi qiymətləndirir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş