Qəzzada Atəşkəsdən Sonra Dəhşət: Minlərlə Fələstinli Dağıntılar Altında Yaxınlarının Qalıqlarını Axtarır

2 Dəq Oxuma Müddəti

Atəşkəsdən sonra Qəzzada insanlıq faciəsi

Qəzzada atəşkəs elan olunmasından iki gün sonra, xüsusilə Şimal bölgəsində minlərlə fələstinli inanılmaz bir faciə ilə üz-üzə qalıb. Onlar ağır texnika olmadan, yalnız əlləri və sadə alətlərlə, İsrailin hava hücumları nəticəsində dağıdılmış evlərin altında qalan sevdiklərinin qalıqlarını tapmaq üçün mübarizə aparırlar.

Britaniyanın “The Guardian” nəşrinin məlumatına görə, fələstinli Qali Xıdır adlı şəxs iki gün ərzində valideynlərini Cənubi Qəzzaya qaçmağa razı salmağa çalışıb. Lakin atasının inadkarlığı faciə ilə nəticələnib – İsrailin hava hücumu onların evini yerlə-yeksan edib.

Atəşkəsdən iki gün sonra Qali Xıdır dağıntılar arasında valideynlərinin izlərini tapmaq üçün beton parçalarını və bükülmüş metal qalıqlarını əlləri ilə kənarlaşdırıb. Nəticədə yalnız kəllə sümüklərinin və əllərinin bir hissəsini taparaq, onları dağıdılmış qəbiristanlığın bir küncündə dəfn edib.

“Atam təcili yardım sürücüsü idi. Qorxmaz, dözümlü və ümidli bir insan kimi tanınırdı,” – deyə 40 yaşlı Qali Xıdır Cəbaliyyədən danışıb.

10 min insan dağıntılar altında

Qəzzanın mülki müdafiə xidmətinin məlumatına əsasən, hazırda təxminən 10 min nəfərin hələ də dağıntılar altında qaldığı ehtimal olunur. Cümə günü elan edilən atəşkəs, xilasedici qruplara və ailələrə sevdiklərinin cəsədlərini tapmaq üçün yeganə fürsət verib.

Bölgədə təxminən 60 milyon ton dağıntının olduğu bildirilir. Əksər yolların dağıldığı və keçilməz hala gəldiyi üçün xilasedicilər qaldırıcı kran və ekskavatorlar olmadan, yalnız çəkic və bel kimi alətlərlə işləməyə məcburdur.

Qəzzanın Şimal Mülki Müdafiə İdarəsinin rəhbəri Xalid Əyyubi vəziyyəti belə izah edib:
“Əvvəlcə küçələrdə qalan cəsədləri toplamağa çalışırıq. Çünki onlar heyvanların hücumuna məruz qalır. Bir çox hallarda xilasedicilər əlləri ilə qazmaq məcburiyyətində qalır.”

Qəzzada xilasedici əməliyyatlar davam edir

Fövqəladə vəziyyət qrupları hələlik yalnız az sayda insanın cəsədini tapıb. Çoxmərtəbəli binaların dağıntıları arasında isə axtarış işlərinə hələ başlanılmayıb.

Qəzzanın Mülki Müdafiə Qurumunun beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Məhəmməd əl-Muğir bildirib ki, əgər İsrail yaxın günlərdə ağır texnikanın daxil olmasına icazə versə, bütün cəsədlərin çıxarılması 6 ay ilə 1 il arasında vaxt apara bilər.

Hazırda Qəzzada fələstinlilər üçün həyat, dağıntılar arasında yaxınlarının qalıqlarını tapmaq və onları son mənzilə yola salmaqdan ibarət bir mübarizəyə çevrilib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş